Fransa erməniəsilli rusiyalı biznesmenin villasına həbs qoyub

20-02-2024, 15:57           
Fransa erməniəsilli rusiyalı biznesmenin villasına həbs qoyub
Fransa məhkəməsi Rokbryun-Kap-Marten kurortunda yerləşən və rəsmi olaraq erməniəsilli rusiyalı biznesmen, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyana məxsus villanın mülkiyyət hüququnu dondurub.

KONKRET.az Fransa mediasına istinadən xəbər verir ki, məhkəmə ittihamçıları bu mülkiyyətin əsl benefisiarının Rusiyanın neft-qaz nəhəngi “Qazprom”un törəmə şirkəti olduğuni iddia edib.

Bu fakt Paris prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölməsinin (Junalco) 2009-cu il dekabrın 11-dən çirkli pulların yuyulmasına görə Paris, Kipr, Rusiya və Rokbryun-kap-Martendə araşdırma aparması nəticəsində meydana çıxıb.

Məlum olub ki, 2016-cı ildə “Qazprom”un neft törəmə şirkəti olan “Qazprom Neft” villanı Samvel Karapetyana satıb. Lakin villanın faktiki olaraq “Qazprom Neft”in nəzarətindən çıxmadığını göstərən bir çox faktlar üzə çıxıb.

Sənədlərə görə, Samvel Karapetyan “Qazprombank”ın verdiyi 115 milyon avro kredit hesabına “Qazprom Neft”dən daşınmaz əmlak sahibi olan “Maritime Villa Holding SNC” şirkətinin səhmlərini alıb. “Qazprom Neft” isə “Qazprom”a və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sayılan Yuri Kovalçuka məxsusdur.

“Forbes” jurnalı Samvel Karapetyanın sərvətini 2,7 milyard dollar dəyərində qiymətləndirir. O, biznesdəki uğurlarının böyük hissəsini “Qazprom”dan aldığı çoxsaylı müqavilələrə borcludur.

Yerli əhali arasında Villa del Mare kimi tanınan villa 3 hektarlıq ərazidə yerləşir. Obyektə çoxmərtəbəli əsas binadan əlavə, üç hovuz, tennis kortu və helikopter meydançası da daxildir. Bu əmlakın ümumi dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.

Bu hadisə Fransanın ədliyyə sisteminin Ukraynada müharibə başlayandan bəri ən böyük payı ələ keçirməsi kimi qiymətləndirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.