Xameneyinin Təbrizdəki nümayəndəsi polisin hicab məsələsinə qarışmasını tələb edib

18-03-2024, 11:14           
Xameneyinin Təbrizdəki nümayəndəsi polisin hicab məsələsinə qarışmasını tələb edib
İranın dini lideri Əli Xameneyinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi Məhəmməd Əli Ali-Haşim Təbrizdəki bir sərgi mərkəzində “hicabsızlıq” vəziyyətini tənqid edib.

Fars xəbər agentliyinin məlumatına görə, Ali-Haşim martın 15-də cümə namazından sonrakı çıxışında Təbriz Beynəlxalq Sərgi Mərkəzindəki qadınların baş örtüsü vəziyyətini tənqid edib və polisdən bu məkanda hicaba riayət etməyən insanların qarşısını almasını və nəzarət etməsini istəyib.

“Bu yerdən hicabsızlıq, ədəbsizlik və əxlaqsızlıqla bağlı çoxlu xəbərlər gəlib ki, bu da suallar doğurur, doğrudan da biz hara gedirik?” - deyə o bəyan edib.

Təbriz Beynəlxalq Sərgi Mərkəzi sənaye və ticarət kimi sahələrdə iş adamlarının əlaqə qurması üçün müxtəlif sərgilər və tədbirlərə ev sahibliyi edir.
Təbrizdə cümə imamı polis qüvvələrinin daha diqqətli olmasını və Təbriz Beynəlxalq Sərgisi ilə bağlı məsələlərə xüsusi diqqət yetirməsini istəyib. O, eləcə də polisdən istəyib ki, bu məkanda nəzarətini gücləndirməklə "iffətə zidd" adlandırdığı hərəkətlərin qarşısı alınsın.

Ali-Haşim daha öncə də, Təbrizdə bir sıra məhəllələrdə qadınların məcburi hicab qaydalarına əməl etməməsindən şikayətlənib.

İranın dini lideri Əli Xameneyinin Təbrizdəki nümayəndəsi şəhərdəki restoranların fəaliyyətini də tənqid edib.

Ramazan ayı ərzində restoranların oruc saatlarında fəaliyyət göstərməsi qadağan olunsa da, bu il qanuna əsasən, restoranlar müvafiq idarələrdən icazə almaqla vitrinləri bağlayaraq, səyahət edənlərə və xəstələrə xidmət göstərə bilər.

Ali-Haşim bu məqamlara əməl olunmadığını irəli sürüb və müvafiq idarələr və orqanları mövcud vəziyyətin qarşısını almaq üçün tədbir görməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.