İran Azərbaycanı hədəf göstərir - ŞƏRH

3-04-2024, 17:47           
İran Azərbaycanı hədəf göstərir - ŞƏRH
"İran hakimiyyəti İsrail və ABŞ ilə birbaşa müharibə aparmaqda tərəddüd edən bir dövlətdir".

Bu sözləri politoloq Natiq Miri "Cebhe.info"-ya açıqlamasında İran parlamentində mühafizəkar qanadını təmsil edən Cəlal Rəşidi Kuçinin Tehranın Azərbaycanı hədəfə almağa çağırması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran İslam Respublikası səfirliyinin yaxınlığında yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binasına raket zərbəsi endirib.

Hücum nəticəsində İranın iki generalı - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın baş zabiti Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi həlak olub. İran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib.

İsrailin "Ynet" xəbər agentliyinin iddiasına görə, zərbə endirilən bina İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” qüvvələrinin istifadə etdiyi hərbi obyekt olub.

Bu hadisədən sonra İran hakimiyyətinin rəsmiləri müxtəlif ölkələrdə yerləşən İsrail səfirliklərinə hücumların təşkil olunması ilə bağlı çağırışlar edib.

Maraqlıdır ki, İran parlamentində Azərbaycana da qarşı təhdidlər səsləndirilib. İranlı deputat Cəlal Rəşidi Kuçi Tehranı İsrailin Azərbaycandakı səfirliyini hədəfə almağa çağırıb:

"Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.

Politoloq vurğulayıb ki, İran rəsmilərinin təhdid xarakterli bəyanatları artıq adi hal alıb:

"İran hakimiyyəti HƏMAS-İsrail müharibəsinə Yaxın Şərq regionunda özünə bağlı olan proksi qüvvələr, xüsusilə “Hizbullah” və "Ənsurullah" (husilər) vasitəsilə qatılıb. Tehran həmin qüvvələri ciddi şəkildə dəstəkləyir.

İsrailin Dəməşqdə SEPAH-ın binasını hədəfə alması Təl-Əvivin İrandakı rejimə qarşı cavab xarakterli addımıdır. Bildirim ki, Vyana konvensiyasına və beynəlxalq diplomatik protokollara görə, hücuma məruz qalan İran səfirliyinin ərazisi İran İslam Respublikasının ərazisi hesab olunur. Belə olan təqdirdə Tehran İsrailə əks-hücumlar etməlidir.

Qeyd edim ki, İran İsrail ərazisini uzaq məsafədən vura biləcək ballistik raketlərə malikdir. İrana bu raketlər ilə İsrailə əks-cavab zərbəsi endirmək üçün heç nə mane olmur.

Ancaq İran hakimiyyəti bu istiqamətdə addım atmaqdan çəkinir. Çünki Tehran anlayır ki, İsrailə birbaşa raket zərbələri İran-İsrail müharibəsinə gətirib çıxaracaq. Həm də İran İsrailin siyasi tələsinə düşə bilər. Eyni zamanda ABŞ da İranla müharibədə İsrailin yanında olacaq.

Ona görə ki, İsrail Yaxın Şərqdə ABŞ-ın ən önəmli müttəfiqidir və Vaşinqton istənilən halda öz müttəfiqini qorumaq məcburiyyətindədir. ABŞ-ın müharibəyə müdaxiləsi İranı daha çətin duruma salacaq. Sözsüz ki, İsrail və ABŞ ilə müharibə İranı zəiflədəcək".

Onun sözlərinə görə, əgər belə bir müharibə baş verərsə, İran bu müharibədə yalnız qalacaq:

"Tehranın strateji tərəfdaşları Çin və Rusiyanın İsrail və ABŞ-a qarşı müharibəyə cəlb olunması və bu müharibədə İrana dəstək göstərməsi ehtimalı çox aşağıdır.

Hesab edirəm ki, belə bir hal baş verməyəcək. Ona görə də İran İsrail və ABŞ ilə müharibədə tək başına buraxılacaq. Tehran bunu çox yaxşı başa düşür".

N.Miri bildirib ki, İran hakimiyyəti İsrailə qarşı birbaşa yox, dolaysı yollar vasitəsiylə əks-cavab tədbirləri görəcək:

"Ola bilsin ki, İran hakimiyyəti müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda İsrailin diplomatik nümayindəliklərinə və İsrail diplomatlarına qarşı terror aktları təşkil etsin.

Əslinə baxanda, Tehranın bu kimi əməllərə əl atması inandırıcıdır. Çünki Tehran ölkə daxilində radikal dini ictimaiyyəti sakitləşdirməlidir. Qeyd edim ki, SEPAH-ın “Qüds” qüvvələrinin komandanı Qasim Süleymaninin ABŞ kəşfiyyatı tərəfindən öldürülməsindən sonra İran hakimiyyəti qisas adı altında ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarının ətraf ərazilərinə raket zərbələri endirib. Bu da görüntü xarakterli əməliyyat idi. Çünki hücum nəticəsində heç bir Amerikan əsgəri həlak olmayıb.

Böyük ehtimalla, İsrailə də qarşı bu kimi addımlar atılacaq. İranın hərbi-siyasi rəhbərliyi Livanda “Hizbullah”, Yəməndə "Ənsurullah" hərəkatı, eləcə də Suriyada "Fatimiyyun" və "Zeynəbiyyun" hərbi birləşmələri vasitəsilə İsrailin ərazisinə bir neçə raket zərbəsi endirəcək. Guya bu, "Qisas" əməliyyatı olacaq. Hazırda İran İsrailə birbaşa hücum etməyəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.