Türkiyə seçkilərinin analizi və gələcək “yol xəritəsi”.

8-04-2024, 10:24           
Türkiyə seçkilərinin analizi və gələcək “yol xəritəsi”.
Qardaş Türkiyədə baş tutan son Bələdiyyə seçkiləri, onun nəticələri, CHP-nin uğurunun və AKP-nin məğlubiyyətinin səbəbləri haqqında çox yazındı, danışıldı, müzakirə olundu. Detallara girməyəcəm, AKP iqtidarı CHP-dən çox iqtisadiyyata, inflyasiyaya məğlub oldu, öz seçicisi gəlmədi, ümumən isə xalq AKP-yə “sarı kart” göstərdi.
Amma bu seçkinin əsas müzakirə ediləcək tərəfi gələcəkdir – 2028-ci ildə Türkiyədə baş tutacaq Prezident və Parlament seçkiləridir, o seçkilərdə müxalifətin qalib gəlmə şansının çox yüksək olmasıdır.
Əgər AKP yeni Konstitusiya dəyişikliyi təklif edib yenidən gücləndirilmiş parlament sisteminə keçid etməsə, cənab Erdoğan daha namizəd olmayacaq, seçkilərdə iştirak etməyəcək. Buna görə də, son seçkilər post-Erdoğan dönəminin ilk siyasi “məşqi” idi. 2028-ci ilə qədər AKP toparlanıb ciddi bir namizəd çıxartmasa, Erdoğanı əvəz edə biləcək kimsə, hələ ki, görünmür. Deməli, bu da müxalifətin, əsas da İmamoğlunun şanslarını xeyli artırır.
Azərbaycan-Türkiyə qardaş olmaqdan başqa stateji müttəfiqdir, münasibətlər o həddə qədər inkişaf edib ki, artıq şəxsləri aşıb, ya da, artıq aşmalıdır, isimlərdən asılı olmamalıdır. Buna görə də, həm Azərbaycan, həm də Türkiyə illərdir etdikləri bir stateji səhvi mütləq düzəltməlidir – Azərbaycan Türkiyə müxalifəti, Türkiyə isə Azərbaycan müxalifəti ilə işləməyə başlamalı, tanış olmalı, bir-birini yaxşı anılamalıdır. Bizim iqtidarlar qarşılıqlı razılığa görə Parlamentdə təmsil olunan-olunmayan müxalif partiyalarla təmas qurmurdular, amma bu yanlışdır. Əgər bizim birgə yolumuz Türk Respublikalarının qarşılıqlı və daha dərin inteqrasiyasıdırsa, mütləq bu “vizion” Dövlət siyasətinə çevrilməli, siyasi partiyaların isə Dövlət İnstitutu olduğu hər iki tərəfdən qəbul edilməlidir.
Buna görə təklifim var: İlk mərhələdə gələcək dünya düzənində mütləq özünəməxsus güclü yeri olacaq Türk Dövlətləri Təşkilatı çərçivəsində quruma daxil olan ölkələrin siyasi partiyalarının Forumu təşkil olunmalıdır. İldə azı 2 dəfə toplantılar keçirilməli, bir-birimizi SİYASİ olaraq yaxından tanımalıyıq. Bu sahədə böyük boşluqlar var, siyasi təşkilatlar bir-birini tanımırlar, daxili siyasəti çox az bilirlər. Bu doğru deyil, düşünürəm ki, ilk mərhələdə mütləq belə bir Forum təşkil edilməlidir, həmin platforma ciddi diskurs məkanına çevrilməli, ortaya “vizion” qoymağı bacarmalı, Türk Dövlətləri Təşkilatının fraqmentallaşan dünyada yeni güc mərkəzlərindən birinə çevilməsinin siyasi-fəlsəfi dayaqlarını, ideoloji təməllərini hazırlamalıdır...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.