“ALİ-HAŞİMLƏ ÜÇ, YA DÖRD DƏFƏ DANIŞDIM...” –

22-05-2024, 10:14           
“ALİ-HAŞİMLƏ ÜÇ, YA DÖRD DƏFƏ DANIŞDIM...” –
İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasınının şahidlərindən biri – Prezident Aparatının rəhbəri Qulam Hüseyn Esmaili yerli televiziyaya müsahibəsində baş verənləri nəql edib. O, Prezidentin helikopteri ilə yanaşı uçan 2 helikopterdən birində olub.

“AzPolitika” xəbər verir ki, Esmailinin müsahibəsinin bir hissəsinin tərcüməsini jurnalist Əziz Rzazadə sosial şəbəkədə paylaşıb.

Prezident Aparatının rəhbəri deyib:

- Günorta namazını qıldıqdan sonra Təbriz istiqamətində yola düşdük. Hava aydın idi, narahat olmağa heç bir əsas yox idi. Yarım saat havada qaldıqdan sonra, Sunqun mis mədəninə çatmazdan əvvəl kiçik bir bulud parçası göründü...

- Deməli duman yox idi?

- Yox. Yerdə duman var idi, amma irəlilədiyimiz istiqamətdə yox. Ancaq kiçik, dar bir ərazidə, uçurumun üstündə kiçik bir bulud parçası var idi. Hündürlük baxımından bu bulud uçuşumuzun hündürlüyü ilə eyni hündürlükdə idi...

Qrupun komandiri olan helikopterçi qalan pilotlara buludların üstünə çıxmağı əmr edəndə orada idi. Biz Prezidentin helikopteri arxasınca uçan 3-cü hava gəmisində idik. Buludların üstünə gəldik, təxminən 30 saniyə irəlilədik. Pilotumuz birdən anladı ki, Prezidentin göyərtəsində olduğu əsas helikopter itib...

- Yüksəklikdən sonra helikopteri bir daha görmədiniz?

- Bəli, buludların üzərinə qalxdıqdan sonra əsas helikopteri görmədik...

- Hava şəraitinin təhlükəli olmasını qeyd edən hər hansı proqnoz yox idi?

- Yox... Az sonra aşağını görə bildik və artıq bulud yox idi və biz mis mədəninin ərazisinə çatdıq. Ancaq başa düşdük ki, pilotumuz qəfil geri dönüş edir, soruşdum ki, niyə? Dedi ki, helikopterlərimizdən biri itib. Onların təcili eniş etdiyini təxmin edirik, çünki onunla artıq radio əlaqəmiz yoxdur. Soruşdum ki, sonuncu dəfə nə vaxt əlaqə qurulub? Pilot cavab verdi: "Bir dəqiqə 30 saniyə əvvəl, pilot bizə buludların üzərinə qalxmağı əmr edəndə..."

Pilotumuz ərazinin ətrafında bir neçə dəfə dövrə vurdu, lakin buludlu dərə bizim üçün görünməz idi və həmin əraziyə daxil olmaq çox riskli idi. Bir neçə dəfə radio ilə əlaqə yarada bilmədik. Araşdırma üçün Sungun mis mədəninə 30 saniyədən sonra eniş etməyə məcbur olduq.

Uçuş zamanı sərnişinlərlə, o cümlədən mühafizəçi, Şərqi Azərbaycan valisi, cənab Abdullahian və Təbrizin imam-cüməsinə davamlı zəng vurmağa başladıq...

Bir neçə cəhddən sonra Prezidenti müşayiət edən kapitanın mobil telefonuna zəng edəndə kimsə telefonu götürdü. Bu, Təbrizin imam-cüməsi Ayətullah Ali-Haşim idi. Bizə dedi ki, özümü yaxşı hiss etmirəm. Bizə xüsusi bir şey demədi.

Ondan soruşdum ki, nə olub? O, bizə nə baş verdiyini bilmədiyini dedi, harada olduğunu soruşduqda da bilmədiyini dedi. O, yalnız görə bildiyini təsvir etdi, gördüklərini təsvir etdi, məsələn, ətraf ağaclarla əhatə olunub.

Mən ondan başqalarının vəziyyətini soruşdum, Ayətullah dedi ki, təkdir, başqa heç kimi görmür. Mis mədəninin təcili yardım maşınları və lazımi nəqliyyat vasitələri kimi yaxşı imkanları var idi. Biz komanda yaratdıq ki, gedib onları axtaraq. Sonra təcili yardım üçün müraciət etdik...

Ayətullah Ali-Haşimlə üç, ya dörd dəfə telefonla danışdım. Qəzadan 3 saat sonra belə o, sağ idi...

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.