Makron: Əlavə polis Yeni Kaledoniyada lazım olduğu qədər qalacaq

24-05-2024, 13:14           
Makron: Əlavə polis Yeni Kaledoniyada lazım olduğu qədər qalacaq
Sakit okean ərazisində təlafatla nəticələnən iğtişaşlara cavab olaraq, Fransa prezidenti Emmanuel Makron cümə axşamı günü deyib ki, polis qüvvələri Yeni Kaledoniyada "lazım olduğu qədər" qalacaq.

Makron paytaxt Numea şəhərində yerli rəsmilərlə görüşərkən həm müstəqillik həm də Fransa tərəfdarı liderləri sakitliyə və asayişin bərpasına yardım etməyə çağırıb.

O, Fransa parlamentində Yeni Kaledoniyada 10 il yaşayan Fransada doğulan sakinlərə yerli seçkilərdə səs vermələrinə icazə verən qanun layihəsinin qəbuluna cavab olaraq, keçən həftə baş vermiş ölümcül iğtişaşlar nəticəsində dağılmış əraziləri helikopterlə gəzib.

Adanın müstəqillik tərəfdarı hərəkatının liderləri bu qanun layihəsinin onilliklər boyu ayrı-seçkilikdən əziyyət çəkən yerli Kanak xalqının səsvermə gücünü azaldacağını deyir.

Zorakılıqlar nəticəsində azı 6 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Numeada çox sayda ev və iş yerləri talan edilib və yandırılıb. Bu da rəsmiləri axşamdan səhərə qədər komendant saatı tətbiq etməyə və ictimai toplantılara qadağa qoymağa məcbur edib. Zorakılıq həm də məktəblərin və bizneslərin, eləcə də adanın hava limanının bağlanmasına səbəb olub ki, buna görə minlərlə turist adanı tərk edə bilməyib.

Kanak etirazçı qrupları Numeaya giriş və çıxışlara maneələr qurublar ki, bu da evlərində və kurort zonalarında ilişib qalan vətəndaşlara və turistlərə ərzaq və dərman çatdırılmasını imkansız edib.

Avstraliya və Yeni Zelandiya ilişib qalan vətəndaşlarını təxliyə etmək üçün Numeaya təyyarələr göndərib.

Fransa iğtişaşların dayandırılmasına yardım üçün adaya 1000-dən çox təhlükəsizlik işçisi göndərib. Azı 270 nəfər həbs edilib.

1998-ci ildə Fransa Yeni Kaledoniyaya daha çox siyasi güc və muxtariyyət verməyə, adanın statusu ilə bağlı üç referendum keçirməyə razılıq verib. Seçicilər hər üç referendumda müstəqillikdən imtina edib.

Fransa Milli Assambleyası keçən həftə 351 lehinə, 153 əleyhinə səslə mübahisəli qanun layihəsini təsdiqləyib. Qanun layihəsi hələ də gələn ay Parlamentin hər iki palatasının xüsusi sessiyasında təsdiqlənməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.