Ukrayna “Ruslar müharibədə” filminin Venesiyada nümayişini pisləyib

9-09-2024, 11:09           
Ukrayna “Ruslar müharibədə” filminin Venesiyada nümayişini pisləyib
Ukraynanın xarici siyasət idarəsi “Ruslar müharibədə” sənədli filminin Venesiya Beynəlxalq Film Festivalında təqdimatının keçirilməsini pisləyib.

SAVASH.MEDİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı festivalın prezidentinə müraciət edib.

Nazirliyin xəbər verdiyi kimi, Ukraynanın İtaliyadakı səfirliyinin biyennalenin prezidentinə ünvanladığı müraciət-məktubda bildirilib ki, festivalda təcavüzkar ölkə olan Rusiyanın təbliğat filminin nümayişi yolverilməzdir. Yada salınıb ki, bu, işğalçı ölkənin hər gün Ukraynanı atəşə tutduğu bir vaxtda baş verir.

Ukrayna XİN terrorçu dövlətlə hər hansı əməkdaşlığa son qoymağa və öz ölkələrinin “cinayətlərini ört-basdır etməyə” çalışan rusların beynəlxalq tədbirlərdə iştirakına imkan verməməyə çağırıb.

“Ukraynada vəhşiliklər törədən rus əsgərlərinə nüfuzlu film festivallarında deyil, müttəhimlər kürsüsündə söz verilməlidir”, – deyə XİN-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, bu sənədli filmi “Russia Today” telekanalının sabiq əməkdaşı, Anastasiya Trofimova ərsəyə gətirib. O, Ukraynanın işğal olunmuş ərazilərindəki rus batalyonlarından birində bir ilə yaxın vaxt keçirib və işğalçı rus hərbçilərini “adi insanlar” kimi təqdim etməyə çalışıb. Filmin təsvirində əsassız olaraq cinayətkar hesab edilən əsgərlərin hekayələrindən bəhs edildiyi, həmçinin sənədli filmin “bu müharibəni daha yaxşı anlamağa kömək edəcəyi” qeyd edilib.

Sentyabrın 5-də Venesiya Film Festivalının müsabiqədənkənar proqramında “Ruslar müharibədə” filminin təqdimatı baş tutub. Onlar təbliğat xarakterli filmi Toronto Film Festivalında da nümayiş etdirməyi planlaşdırırdılar. Lakin Ukraynanın Torontodakı Baş konsulkluğu həmin təqdimatın ləğv edilməsini tələb edib.

Xatirə SADİQ,

SAVASH.MEDİA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.