Bu ölkələr “Iran Air”ə qarşı sanksiyalar tətbiq edir
11-09-2024, 12:04
Almaniya, Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları dərhal yeni tədbirlər görmək, o cümlədən İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “Iran Air”ə qarşı sanksiyaların tətbiqi üzərində işləmək niyyətindədir.
Bu barədə sanksiya tətbiq edən üç ölkənin xarici işlər nazirlərinin Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilən birgə bəyanatında deyilir.
“Biz Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın ixracını və Rusiyanın İrandan ballistik raketlər almasını qətiyyətlə pisləyirik”, - deyə bəyanatda qeyd edilib.
Ölkə nazirliklərinin sözlərinə əsasən, bu, həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir.
“İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün dərhal hərəkətə keçəcəyik. Bundan əlavə, İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya ötürülməsində iştirak edən əsas təşkilat və şəxslərin müəyyənləşdirilməsini davam etdirəcəyik. Ardından “Iran Air”ə qarşı sanksiyalar tətbiq etmək üzərində işləyəcəyik”, - bəyanatda bildirilib.