Milli Şura mitinqləri dayandırdı: 24 sentyabrda mitinq olmayacaq
19-09-2016, 21:36
Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək.
Bu barədə "Report"a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.
Onun sözlərinə görə, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir: "Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik".
E.Quliyev Müsavat Partiyasının rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: "Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə "Facebook" sosial şəbəkəsində Milli Şuranın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət formasının fotosunu paylaşıb.
O qeyd edib ki, Milli Şura mitinqlə bağlı bir neçə gün öncə mediaya açıqlama verib: "Bizdə ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram".