"Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
10-12-2024, 00:12
"İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Rusiya Federasiyasının “BMC formasındakı bu fikrə (Putinin həbsi fikri ) münasibəti hamıya məlumdur”: BMC-yə, eləcə də Ermənistanın bu qondarma quruma daxil olmasına münasibət, o cümlədən bizim erməni həmkarlarımız arasında yaxşı məlumdur. Biz bir daha bəyan etmək məcburiyyətindəyik ki, İrəvanın Roma Statutunda iştirakı əleyhinədir. Haaqada yazılanların fonunda bir sıra rusiyalı məmurların həbsinə dair kvazi orderlər Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur”. Diplomat əlavə edib ki, bu zərər təkcə simvolik deyil, həm də kifayət qədər praktikdir. “Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də müəyyən beynəlxalq hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsəydi, bunu bir növ başa düşmək və alqışlamaq olardı, lakin bu psevdoməhkəmənin iyirmi illik iş təcrübəsi bunun əksini deməyə əsas verir”.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maria Zaxarova brifinqdə Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinin qanunlarını icra etməsinə görə qınayıb və bu addımın doğrudan da zərərli praktika olduğunu deyib: “Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıqlarını bir daha təsdiq etdi və onlar bildirdilər ki, biz bu qanunları icra edəcəyik. Təsəvvür edin ki, Putin Ermənistana gəlsə, Ermənistan onu həbs etməlidir. Əslində bu da absurd bir məsələdir. İkili standartlar məsələsidir. Elə bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qalantın həbs edilməsi ilə bağlı order verdilər. Order verən şəxslərə qarşı İsrail cinayət işi qaldırdı, Bayden şəxsən bu məsələni tənqid etdi və onlar haqqında düzgün qərar verilmədiyini dedi”.
Politoloqun fikrincə, dünyada böyük güclərin maraqlarına toxunanda Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi qərarı düzgün saymırlar. Elşad Həsənov hesab edir ki, Putinin həbsi ilə bağlı qərar Ermənistandan yerinə yetirilə bilməz.
“Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistan belə bir addım atarsa, elə həmin an "məsələ"ni həll edərlər”-deyə politoloq bildirib.