Azərbaycan prezidenti: “Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi”
7-10-2016, 19:11
"Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik".
Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Dövlət başçısı bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır: "Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”.
Prezident İlham Əliyev deyib ki, Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik.
"Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik” – deyə, o bildirib.