Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır

Bu gün, 00:09           
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
“Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlərin Baş nazir Nikol Paşinyanı narahat etdiyini, o, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edərək çıxış yollarının tapılmasını təklif etdiyini yazmışdıq”.

Ermənistanın “Hraparak” qəzeti belə yazır.

“Paşinyan bəyan etdi ki, geri addım atmaq və layihəni qəbulundan imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Məclisin bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”, - nəşr yazır.

Bu məlumat Ermənistanı perspektivdə Rusiya ilə ciddi qarşıdurma gözlədiyindən xəbər verir. Ermənistanın Avropa İttifaqına üzv olmaq qərarı Moskvada kifayət qədər ciddi narahatlıqla qarşılanıb. Eyni zamanda, Ermənistanla ABŞ arasında Strateji tərəfdaşlıq Xartiyasının imzalanması Rusiyanın regiondakı geosiyasi maraqlarına ciddi zərbə hesab edilir. Ona görə də Rusiyanın Ermənistanı cəzalandırmaq üçün bir sıra sərt addımlar atacağı istisna edilmir.

Doğrudur, Avropa İttifaqına daxil olmaq üçün Ermənistanın iqtisadi potensialı yoxdur.

Bundan başqa, Ermənistan siyasi və hüquqi sahələrdə bir sıra islahatlar aparmalı, Azərbaycanla münaqişəli vəziyyətə son qoymalı, yəni sülh müqaviləsi imzalamalıdır. Ən böyük maneə isə Ermənistanın Rusiyanın hərbi müttəfiqi olmasıdır. Ərazisində Rusiya hərbi bazaları olan bir ölkəni Aİ heç vaxt öz sıralarına qəbul etməz.

Bundan başqa, Ermənistan Rusiyanın liderlik etdiyi hərbi alyansın-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Eyni zamanda, Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyinin (AİB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) də siyasi təsisçisi Rusiyadır. Ona görə də Qərb Ermənistanın ilk növbədə bu qurumlardan çıxmasını istəyir. Ermənistanın paralel olaraq Avropa Birliyinə daxil olması həmin təşkilatların nizamnamələrinə ziddir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə üzv olmaq qərarını AİB-dən çıxmağa hazırlıq kimi qiymətləndirib. Bu da öz növbəsində, Rusiyanın yaranmış vəziyyətə biganə qalmayacağını göstərir. Rusiyadan gələn təhdidlərin Nikol Paşinyanı narahat etdiyinə dair məlumat Kremlin İrəvana açıq mətnlə çox kəskin mesajlar göndərdiyini deməyə əsas verir.

Rusiyanın Ermənistana iqtisadi sanksiyalar tətbiq etməsi Paşinyan hakimiyyəti üçün ağır nəticələrə gətirib çıxara bilər. Xüsusilə də Ermənistanda növbəti parlament seçkilərinə hazırlıq getdiyi bir vaxtda Moskva tərəfindən iqtisadi böhrana səbəb olacaq addımların atılması ölkədə siyasi sabitliyi poza bilər. Paşinyanın Avropa İttifaqının yardımları hesabına ölkəni iqtisadi problemlərdən xilas edə biləcəyi inandırıcı görünmür. Tramp administrasiyasının isə Ermənistana dəstək göstərəcəyinə ümidlər çox azdır. Xüsusilə də Ermənistan Rusiyanın enerji sanksiyalarına məruz qala bilər ki, bunu da Avropa təmin edə bilməz.

Görünür, Paşinyan Ermənistanın nə qədər ciddi təzyiqlərlə üz-üzə qaldığının fərqindədir. Baş nazirin narahatlığı da bununla bağlıdır. “Hraparak”-ın məlumatı qeyd edilən səbəbdən avrointeqrasiya məsələsinə münasibətdə hakim komanda daxilində fikir ayrılığının yarandığından xəbər verir. Bu isə Rusiyadan uzaqlaşıb Avropa İttifaqına yaxınlaşmağın Ermənistan üçün asan olmayacağını təsdiqləyir.

Müşfiq Abdulla
“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.