Bəşir Süleymanlı: 2024-cü il insan hüquqları baxımından çox ağır il oldu
Dünən, 17:24
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində durum və 2025-ci ildə bu sahədə gözləntilərdən danışıb.
Amerikanın Səsi: Azərbaycanda insan hüquqlarının qorunması baxımından 2024-cü ili necə xarakterizə edərdiniz?
Bəşir Süleymanlı: Ümumiyyətlə 2024-cü il insan hüquqları baxımından çox ağır il oldu. Hətta il başlamamışdan öncə siyasi təqiblər, həbslər başladı. Sonradan insan hüquqları pozuntularının artması səbəbindən Azərbaycan AŞPA-dan kənarlaşdırıldı. Daha sonra həbslər artan xəttlə davam etdi. Demək olar ki, 2024-cü ildə əvvəlki illərə nisbətən xeyli sayda çox jurnalistlərin, hüquq müdafiəçilərinin həbsinin şahidi olduq. O cümlədən, iki dəfə seçkilər keçirildi. Həm seçki dövründə, həm ondan sonra seçki hüququnun pozulmasının şahidi olduq.
Amerikanın Səsi: Bir sıra hüquq-müdafiə təşkilatları hazırda ölkədə 330 nəfərdən çox siyasi məhbusun olduğunu bildirir. Rəsmi qurumlar isə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir. Sizin baxışınız necədir?
Bəşir Süleymanlı: Əslində burada say çox şərtidir. Biz çalışırıq ki, say məsələsini daha çox qabartmayaq. İnsan hüquqları, vətəndaşların konstitusion hüquqlarının fundamental olaraq realizə olunması ilə bağlı ciddi problemlər mövcuddur. Burada həm hərəkət azadlığı ilə bağlı, bilirsiniz ki, artıq beş ildir ölkədən insanların çıxışı ilə bağlı problemlər var. Bunu ört-basdır etmək mümkün deyil. Hətta hökumətin özü də dəfələrlə etiraf edib ki, sərhədlər bağlıdır. Bu da insanların hərəkət hüquqlarının pozulmasıdır. O cümlədən, digər hüquqlarla bağlı, xüsusən fundamental azadlıqlarla bağlı, toplaşmaq, birləşmək hüququnun pozuntusu ilə bağlı problemlər qalmaqdadır. Təbii ki, hökumət bu problemlərin olduğunu ya inkar edir və yaxud, bəzən dolayısı yolu ilə təkzib etməyə çalışır. Həbslərin insanların hansısa ifadə azadlığı, birləşmək azadlığı ilə əlaqələndirmirlər. Guya hansısa bir cinayət işində təqsirləndirlən şəxs kimi cəlb olunduğunu bildirirlər. Amma bunu istintaq, məhkəmə dövründə mübahisələndirərkən əksinin şahidi oluruq. Bütün suallar dah çox siyasi proseslər üzərində qurulduğuna görə, əminliklə deyə bilərik ki, bu insanlar siyasi baxışlarına görə təqib olunur. Hətta bəzən saylar da hüquq müdafiəçilərinin əldə etdiyi bir rəqəmdir, 331 nəfərdən söhbət gedirsə, bəzi adamlar var ki, onlar tanınmır, onlar sosial şəbəkələrdə özlərini ifadə etdiklərinə görə, müəyyən dövrlərdə təqiblərə məruz qalırlar.
Amerikanın Səsi: Azərbaycan insan hüquqlarının pozulması və əsassız həbslərlə bağlı beynəlxalq tənqidlərlə ən çox məruz qalan ölkələrdən biridir. Azərbaycan hakimiyyəti bu tənqidlərin qərəzdən irəli gəldiyini deyir. Sizcə beynəlxalq tənqidlər reallığı əks etdirirmi?
Bəşir Süleymanlı: Bu, çox təəssüfləndirici haldır ki, Azərbaycan daim beynəlxalq təşkilatların müzakirə mövzusuna çevrilir. Əsasən də mənfi mənada, dəfələrlə həm mətbuat azadlığının reytinqinə görə, həm insan hüquqlarına görə, həm dini azadlıq və digər məsələlərlə bağlı dəfələrlə ən ağır şəraitdə olan ölkələrlə adı paralel çəkilir. Bu da arzu olunmayan bir məsələdir. Amma burada bir məsələ var ki, dəfələrlə biz bu məsələlərin aradan qaldırılması ilə bağlı hökümətə təkliflər veririk. Həm qanunvericilik bazasının liberallaşdırılması, siyasi islahatların aparılması baxımından, o cümlədən praktiki vəziyyətin dəyişdirilməsi baxımından. Təəssüflər olsun ki, bu istiqamətdə müsbətə doğru dəyişikliklər olmur. Bu da beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Bunu qərəzli adlandırmaq, hansısa şəkildə əsaslandırmaq hesab edirəm ki, doğru deyil. Həmin beynəlxalq təşkilatlar ölkədə olan insan hüquqları ilə bağlı vəziyyəti əks etdirir.
Amerikanın Səsi: Azərbaycan hökuməti insan hüquqlarının qorunması sahəsində islahatlarla bağlı bir neçə dəfə fəaliyyət planları qəbul edib. Bu sənədlərdə qanunvericilik bazasında, məhkəmə, hüquq-mühafizə sistemində, media və digər sahələrdə geniş islahatlar ehtiva edilib. Sənədlərin yerinə yetirilməsi sahəsində hansı mütərrəqi addımlar atılıb?
Bəşir Süleymanlı: Bəli, qeyd elədiyiniz kimi müxtəlif dövrlərdə insan hüquqları ilə bağlı milli fəaliyyət proqramları elan olunub. O cümlədən, məhkəmə islahatlarının aparılması barədə dəfələrlə həm qanunvericilikdə dəyişikliklərin edilməsinin vacibliyi bildirilib, həm də prezidentin müxtəlif dövrlərdə fərman və sərəncamlarında qeyd edilib. Amma təəssüflər olsun ki, bu istiqamətdə çox gözəçarpacaq və insanların, vətəndaşların hüquqlarına ciddi təsir edəcək, yaxşılaşdıracaq bir proses olmayıb. Bu qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri isə islahat adlandırmazdım. Daha çox məhdudlaşdırıcı əsaslarla olub. İstər siyasi partiyalarla bağlı, istər qanunverciliklə bağlı olsun, istərsə də media ilə bağlı olsun. Daha çox məhdudlaşdırıcı, nəzarəti daha da güclədndirmək mexanizmi daşıyır. O cümlədən, məhkəmə islahatları ilə bağlı aparılan işlər yalnız texniki xarakterlidir. O da tam deyil. Mahiyyəti ilə bağlı dəyişikliklərin əsaslı şəkildə şahidi olmuruq. Baxmayaraq ki, bununla bağlı yerli hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, ekspertlər dəfələrlə qanunvericiliyə təkliflər hazırlayıb. Parlamentə göndərilib. Prezident administrasiyasına göndərilib. Dialoq imkanlarının yaradılması üçün müraciətlər olunub. Təəssüflər olsun ki, hələ də biz bu istiqamətdə dəyişikliklərin, müsbət irəliləyişin şahidi olmuruq.
Amerikanın Səsi: Sizcə 2025-ci ildə ölkənin beynəlxalq azadlıq indeksində durmunun qabağa aparılması üçün ilk olaraq hansı addımlar atılmalıdır?
Bəşir Süleymanlı: Əslində mən 2025-ci ili yaxşı fürsətlər ili kimi hesab edirəm. Hesab edirəm ki, Azərbaycanın uzun müddətdir üzərində bir ağır yük qalıb, həm qanunvericilikdə, həm praktikada. İnsan hüquqları ilə bağlı ciddi dəyişikliklər edilə bilər. O cümlədən xatırladım ki, prezident bəlkə də simvolik olaraq hansısa şəkildə 2025-ci ili “Suverenlik və Konstitusiya ili” elan edib. Bu fürsətdən istifadə edərək konstitusion dəyişiklik etmək olar. Uzun müddətdir bu istiqamətdə müzakirələr gedir. O cümlədən siyasi islahatların aparılması istiqamətində, parlamentin fəaliyyətinin gücləndirilməsi və təmsilçi parlamentin formalaşması istiqamətində addımlar atmaq olar ki, bu da ölkədə siyasi böhranın aradan qaldırılması istiqamətində bir müsbət dəyişkiliyin ən azı açarı ola bilər. O cümlədən, siyasi baxşlarına görə insanlara qarşı olan təqiblər dayandırılar. İnsanlar fərqli fikirlərinə görə təqib və təzyiqlərə məruz qalmamalıdır. Ölkədə fikir plüralizmi, müxtəlifliyi nə qədər çox olarsa dövlət institutları da güclənər. Dövlət institutları gücləndikcə ölkənin inkişafı, vətəndaşların rifahı daha da artar. Ölkə daha da ədalətli istiqamətdə irəliləyər.
Qeyd: Azərbaycan hökuməti ölkədə insan hüquq və azadlıqlarının pozulması barədə tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı insanların iradəsinə görə təqib edilmədiyini, bütün insanlarlın qanun qarşısında bərabər olduğunu bəyan edir. Hökumət rəsmiləri Azərbaycanda insanların fundamental hüquqlarının tam bərpa edildiyini iddia edir.
Rununla yanaşı, Azərbaycan beynləxalq azadlıq, media azadlığı və korrupsiya indeksində 180 ölkə arasında 150-170-ci yerləri bölüşür.