Salome Zurabişvili: ABŞ “saxtalaşdırılmış seçkilərin” nəticəsi olan hökuməti dəstəkləməməlidir
Dünən, 12:44
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Cənubi Karolinadan Respublikaçı nümayəndə Co Vilsonun dəvəti ilə prezident Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtonda olub. O, ABŞ-ın paytaxtında olarkən Amerikanın Səsi ilə danışıb.
Trampın yeni kabinet üzvləri ilə müxtəlif tədbirlərdə iştirak etdiyini deyən Zurabişvili bu tədbirlərin rəsmi danışıqlar və ya mesajlar yeri olmadığını bildirib. Lakin o deyib ki, qısa müraciətlərində ABŞ-ın maraqlarına uyğun olaraq Cənubi Qadqaz regionundakı vəziyyət diqqət mərkəzində olmalıdır.
“Hər şeydən əvvəl ona görə ki, ruslar bunu hamıdan yaxşı bilirlər: Onlar tarixən həmişə deyirdilər ki, Tbilisiyə kim nəzarət edirsə, Qafqaza da o nəzarət edir. Bu, bu gün, Qara Dənizə nəzarət üçün bu bölgənin çox mühüm olduğu bir vaxt daha vacibdir,” Zurabişvili deyib.
O bildirib ki, bu illər ərzində Birləşmiş Ştatların Gürcüstanın demokratiyanın qalası kimi möhkəmləndirməkdən ibarət strategiyası davam etdirilməlidir.
Salome Zurabişvili hesab edir ki, ABŞ kimi bir ölkənin saxta seçkilərin və anti-konstitusiya aktlarının nəticəsi olan hökuməti tanıması mümkün deyil. Heç bir müstəqil qurumun qalmadığı bir rejimi; bütün qurumlara namizədlər yalnız bir partiya və tək adam hakimiyyəti tərəfindən irəli sürülür.
O. hələ ümid etdiyini bildirib ki, de-fakto [Gürcüstan] liderləri ölkənin sabitliyinin ən vacib şey olduğunu başa düşəcək və müxalifətlə müəyyən güzəşt yolu ilə yeni seçkilər keçirməklə ölkəyə kömək etməyə razılaşacaqlar.
“Lakin zaman keçdikcə onların belə bir məntiqli həll yoluna gələcəyinə ümidlər azalır,” o, təssüfünü də dilə gətirib.
ABŞ-ın prioritetlərinə gəlincə, Zurabişvili güman etdiyini bildirib ki, Gürcüstan "əsas prioritet" olaraq qalmayacaq, lakin eyni zamanda ölkəsinin arzuolunmaz dərəcədə böhran keçirməsini istəmir.
“Yenə deyirəm, biz qeyri-sabitlik istəmirik. Amma hesab edirəm ki, Gürcüstanda baş verənlər nümunə kimi kifayət qədər vacibdir”.
Ötən ilin dekabrında Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin yaxın müttəfiqi Mixail Kavelaşvilini ölkənin yeni prezidenti seçib. O, 2018-ci ildə ümumxalq səsverməsi nəticəsində prezidentliyə seçilmiş Salome Zurabişvilini əvəz edib.
Zurabişvili ölkənin beşinci prezidenti olub. Müxalifət partiyaları və Zurabişvili 2024-cü ilin oktyabrında ölkədə keçirilən parlament seçkilərində “Gürcü Arzusu”nun rəsmən 54,09% səslə qalib gəldiyini iddia edir və buna görə də nə “Gürcü Arzusu”nun qələbəsi, nə də Kavelaşvilinin Zurabişvilini prezident kimi dəyişməsi legitim deyil.
Müxalifət partiyaları parlamentə daxil olmaqdan və “Gürcü Arzusu”nun üzvləri ilə işləməkdən imtina edərək, yeni seçkilərin keçirilməsini tələb edir.