Minlərlə insan Qəzzanın şimalına qayıtmağı gözləyir, Tramp İordaniya və Misiri fələstinliləri qəbul etməyə çağırır
27-01-2025, 15:44
On minlərlə fələstinli bazar günü İsrailin HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham etməsi və keçid məntəqələrini açmaqdan imtina etməsindən sonra məyusluğunu ifadə edərək, Qəzzanın şimalındakı evlərinə dönmək üçün bağlanmış yollarda gözləyib.
Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla ikinci mübadiləsindən bir gün sonra bu ləngimə Qəzzada militant qrupla İsrail arasında atəşkəslə bağlı risklərin olduğunu vurğulayır.
Şahidlərin dediyinə görə, Qəzzanın mərkəzi bölgələrində insanlar şimala gedən əsas yollar boyu bəziləri maşınlarda, bəziləri isə piyada gözləyirdilər.
Bazar günü şahidlərin bildirdiyinə görə, bir çox insan gecəni əsas şimal-cənub magistralı olan Səlahəddin yolunda və şimala aparan sahil yolunda keçirərək, Qəzza zolağının mərkəzindən keçən Netzarim dəhlizində İsrailin hərbi mövqelərinin qarşısından keçmək üçün gözləyib.
Misir və Qətər vasitəçiləri ilə birlikdə hazırlanan və ABŞ-ın dəstəklədiyi razılaşmaya əsasən, İsrail şimalda evlərindən didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına icazə verməli idi.
Lakin İsrail bildirib ki, HƏMAS-ın azad edilməsi planlaşdırılan girovlardan hansının sağ olduğunu göstərən siyahını təhvil verməməsi və ya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülən israilli qadın Arbel Yehudu təhvil verməməsi qrupun razılaşmanın şərtini pozduğu deməkdir.
İsrailin bəyanatında bunun nəticəsində Qəzza zolağının şimalına keçidlərə icazə vermək üçün Qəzzanın mərkəzində nəzarət-buraxılış məntəqələrinin açılmayacağı bildirilir.
HƏMAS bəyanat yayaraq, İsraili ləngimə yaratmaq və gecikdirməyə görə məsuliyyət daşıdığını bildirib.
ABŞ prezidenti Donald Tramp sənbə günü ABŞ hərbi qüvvələrinə sələfi Co Baydenin Qəzzanın mülki əhalisinə təsirlə bağlı narahatlıq səbəbilə İsrailə təhvil verilməməsi barədə göstəriş verdiyi bombaların təhvil verilməsini tapşırıb.
O həmçinin Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağıraraq, “biz hər şeyi təmizləməliyik” deyə bildirib.
“Bu, sözün əsl mənasında dağıntı yeridir, demək olar ki, hər şey dağıdılıb və orada insanlar ölür”, o, İordaniya kralı Abdulla ilə telefon danışığından sonra jurnalistlərə bildirib.