Tramp Danimarka üçün emosional yelləncək yaradıb
Dünən, 10:18
Vaşinqton dünyadakı beynəlxalq qanunları özünün hazırladığı qaydalarla əvəz etməyə çalışsa da, Rusiya bu qaydalara uyub öz maraqlarından imtina etməyəcək.
İndi dünyada ABŞ prezidenti Donald Trаmpın bu və ya digər sözlərini və hərəkətlərini şərh etməyə, rəqiblərin adi trollinq ilə ondan gələn real təhdidlər arasındakı xəttin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Çoxları bununla Ukraynada müharibə və sülh problem də daxil olmaqla, bu və ya digər məsələlərlə bağlı onunla danışıqlar aparmaq üçün düzgün taktika və strategiya hazırlamağa ümid edir.
"Rusiya üzrə ekspert" roluna iddia edən məşhur britaniyalı politoloq Mark Qaleotti deyib ki, əvvəllər "köhnə məktəbin kremlinologiyası" "Moskvanın pərdəarxası siyasətini formalaşdıran fərdi fraksiyaları müəyyən etmək üçün gizli sənət idi". İndi isə o, "Trampın qulağı uğrunda mübarizə" aparan "Trampologiya"ya çevrilir. Qaleotti Avropa Komissiyası rəsmilərindən birinin şikayətindən sitat da gətirir: "Biz milli maraqlar, müqavilələr və sairə ilə məşğul olmalıyıq, lakin indi bizdən Trampın hər şıltaqlıq və təsadüfi şərhinin mənasını təhlil etməyimizi tələb edirlər. Hazırkı vəziyyətdə hətta Dövlət Departamenti bizə nə baş verdiyini deyə bilmir".
Danimarkalı siyasətçilərin və medianın Trampın "Qrenlandiya açıqlamalarına" reaksiyası bu baxımdan xüsusilə göstəricidir. Dekabr ayında ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Qrenlandiyaya açıq maraq göstərməyə başladıqda, Danimarkada tədricən qəzəbə çevrilən yüngül çaxnaşma başladı. Siyasətçilər sakitliyə çağırırdılar. Baş nazir Mette Frederiksen əvvəllər Trampla işlədiyini və buna çaxnaşma üçün səbəb görmədiyini söylədi. Danimarkanın xarici işlər naziri Lars Rasmussen xalqa prezidentin sözlərini izah edərək bildirdi ki, onları "ciddi qəbul etmək lazımdır, amma hərfi mənada yox".
Kulminasiya nöqtəsi Frederiksenin yanvarın 15-də Trampla telefon danışığından sonra gəldi. Bundan sonra Danimarka baş naziri təcili olaraq anti-böhran qərargahının qapalı iclasını çağırdı və Qrenlandiyanın baş naziri ilə birgə mətbuat konfransı keçirərək, hamını əmin etdi ki, "ada satılmır".
Və sonra qəfil sakitlik çökdüı! Danimarkalı jurnalist Ole Rasmussenin yazdığı kimi, Tramp inauqurasiya nitqində bir dəfə də olsun Qrenlandiyadan (və yeri gəlmişkən, Ukraynadan da) bəhs etmədikdə Kopenhagen "rahat nəfəs aldı". Jurnalist hətta Frederiksenin "Panama kanalı və Marsın Trampın fəthlər siyahısında Qrenlandiyadan daha yüksək yer tutduğunu" görəndən sonra sevindiyindən ehtiyyatdan bir şüşə yaxşı şərab çıxardığını da ehtimal etdi.
Və ötən həftənin sonunda Danimarka mətbuatı Danimarka Xarici İşlər naziri ilə ABŞ-ın yeni təyin olunmuş dövlət katibi Marko Rubio arasında ilk söhbətdən sonra tamamilə arxayınlaşdı və sakitləşdi. TV2 News-a müsahibə verən Lars Rasmussen tamaşaçıları sevindirdi ki, söhbətdə Qrenlandiyanın adı faktiki olaraq çəkilməyib, diqqət Ukrayna və Yaxın Şərqə yönəlib. Danimarka mətbuatı hətta öz həmvətənlərinə yeni dövlət katibinin Kopenhagendən olan nümayəndə ilə danışan ilk əcnəbilər arasında olması ilə fəxr etməli olduqlarını izah edə bildi.
Ancaq arxayınlıq qısamüddətli oldu. "Financial Times"ın şənbə günü çıxan sayında dünyaya Tramp və Frederiksen arasında elə həmin söhbətin bəzi təfərrüatları izah edildi. Məlum oldu ki, Tramp vəzifəsinin icrasına başlamazdan əvvəl özünü çox aqressiv aparıb və praktiki olaraq ultimatum şəklində Qrenlandiyanın verilməsini tələb edib.
ABŞ prezidentinin bazar günü axşam öz təyyarəsində Ağ Evin mətbuat puluna verdiyi müsahibə bu mövzunu tamamlayan cizgi oldu. Azad dünyanın lideri gözünü belə qırpmadan sakitcə bildirdi ki, o, Danimarkanın davranışının səbəblərini ümumiyyətlə başa düşmür. Tramp bir cümlə ilə "qaydalara əsaslanan dünya"nın bütün prinsiplərini belə izah etdi: "Düşünürəm ki, biz Qrenlandiyanı alacağıq, çünki bu, dünyanın azadlığı ilə bağlı məsələdir. (…) Bunun ABŞ-la heç bir əlaqəsi yoxdur. Sadəcə azadlığı yalnız biz təmin edə bilərik. Onlar isə bunu bacarmırlar".
Yəni Danimarka üçün Ağ Evdən belə bir emosional yelləncək! Vaşinqtondan səsləndirilən bir-iki şərh bütöv bir Avropa ölkəsini ya sevincli eyforiya, ya da tam məyusluq vəziyyətinə salır! Bu isə artıq müəyyən bəhrəsini verməkdədir. Danimarka mətbuatında əslində təslim olmağa çağıran səslər də eşidilməyə başladı!
"Politiken" qəzeti hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Danimarkanın Trampın imperialist ambisiyalarını pisləyən qətnamələrə səs verməli olacağı vəziyyətdən dəhşətə gəlib. Qəzet bu vəziyyəti "çətin dilemma" adlandırır. Məsələyə münasibət bildirən Olborg Universitetinin professoru Byarne Vinter təəssüflənir.
"Bizim Təhlükəsizlik Şurasında ABŞ-ın əleyhinə səs vermək ənənəmiz yoxdur. Dilemma ondan ibarət olacaq ki, bunu etməyə dəyər ya dəyməz", - deyə o fikrini bildirib.
Beynəlxalq hüquq? BMT Nizamnaməsi? Xeyr, belə bir şey haqqında heç bir müzakirə yoxdur. Çünki dünyada bunlara əsaslanan ikinci qayda belədir: "Amerika yanılırsa, onda birinci nöqtəyə baxın".
İqtisadiyyat üzrə analitik Andreas Steno isə artıq açıq şəkildə bəyan edib ki, "Amerikalılara müqavimət göstərmək üçün real şansımızın olduğuna inanmıram. Nə etsək də, sonda onlar öz məqsədlərinə çatacaqlar". Belə vəziyyətdə o, Danimarka hakimiyyətini unikal fürsətdən istifadə etməyə və ölkə iqtisadiyyatını gələcək onilliklərdə təmin etmək üçün Qrenlandiyanı baha qiymətə satmağa çağırıb.
Beləliklə, Tramp və Rubionun yaxşı və pis polislər oyunu artıq öz bəhrəsini verir! Danimarkalı analitik Hans Mauritsen hökumətinin hərəkətlərini təhlil etməyə çalışaraq, hər şeyi "xarici dedramatizasiya"ya və gicgaha dirənən silah altında danışıqlara dəvətlə müqayisə edir. Bir çox danimarkalılar incikli şəkildə Avropa müttəfiqlərinin səssiz şəfqətinə nifrətlə işarə edirlər.
Bu mövqe klassik "Adi möcüzə"dəki padşahın əcdadı ilə bağlı xatirələrinə bənzəyir: "O, incə və yumşaq idi: ən kiçik bir bədbəxtlikdə donub qalır, heç nə etmir, yaxşılığa ümid bəsləyirdi. Hətta sevimli arvadını qabağında boğan zaman, onun yanında dayanır və "Səbr et! Bəlkə də hər şey yaxşı bitəcək!", deyirdi. Avropa indi Danimarkanın müttəfiqsayağı boğulmasına təxminən belə reaksiya verir.
Kopenhagenin Ukrayna cəbhəsində etdiyi hər şeydən sonra Rusiya, əlbəttə ki, Danimarka Krallığının taleyindən narahat olmayacaq. Eyni zamanda, əlbəttə ki, başa düşülməlidir ki, Ukrayna trekində də Tramp tərəfindən emosional yelləncək taktikası artıq istifadə olunub və bundan sonra da tətbiq olunacaq. Buna görə bütün Tramp siyasətini araşdıranlar bu taktikanı öyrənməli və Ağ Evin mövqeyində ən gözlənilməz kulbitlərə hazır olmalıdır. Onu da xatırladaq ki, "prinsipial" Danimarkadan fərqli olaraq, Rusiyanın mövqeyi bu kulbitlərə və yelləncəklərə uyğunlaşdırılmayacaq. Ancaq Moskva bunlardan öz məqsədlərinə çatmaq üçün istifadə edə bilər və edəcək də.