Onların Ukrayna separatçılarından nə fərqi var ki?! - NATİQ CƏFƏRLİ YAZIR
Dünən, 03:10
AB dövlətləri, ABŞ, Yaponiya, Böyük Britaniya, Avsytaliya və digər demokratik ölkələrin tamamı Rusiyanın Ukraynada işğalçı siyasətini qınamaqla, sanksiyalar qoymaqla, Ukraynaya dəstək göstərməklə yanaşı, Ukraynanın işğal olunmuş ərazilərində Kremlin yaratdığı hakimiyyət orqanlarını, onların Putin tərəfindən təyin edilmiş separatçıları tanımır, onlara qarşı da ayrıca sanksiya rejimi mövcuddur.
İşğal olunmuş ərazilərdə – Krımda Aksenov, Donetskdə Puşilin, Luqanskda Paseçnik, Zaparojyedə Balitskiy, Xersonda Saldo Putin tərəfindən təyin olunmuş adamlardır, onların hamısı Qərb ölkələrinin sanksiyaları altındadır, bundan başqa Ukraynanın hüquq-mühafizə və prokurorluq orqanları həmin şəxslərlə bağlı onlarla cinayət işi açıb, onları axtarışa verib.
İnşallah, Ukrayna o şəxsləri həbs edib məhkəməyə çıxartsa, Qərb siyasətçiləri və QHT-ləri onların həbsdən azad edilməsini tələb edəcəkmi? Təbii ki, yox. Onları “siyasi məhbus” kimi tanıyacaqmı? Əlbəttə ki, yox.
Yaxşı, indi Vardanyan və digər separatçılara görə Qərbin bəzi siyasətçiləri, QHT-ləri nədən abırsızcasına davranırlar?! Onların Ukrayna separatçılarından nə fərqi var ki?! Beynəlxalq hüquqa, məntiqə, daxili qanunvericiyə görə Ukraynanın işğal altında olan bölgələrin Kreml tərəfindən təyin edilmiş “rəhbərləri” nədirsə, kimdirsə, Vardanyan və digərləri eynidir, onları da Kreml təyin edib, Kreml bəsləyib, Kreml təlimatlandırıb.
Qərb məhz belə mənasız fərqlər, qanunsuz standartlar, axmaq yanaşmalar ortalığa qoyduğu üçün indi zəifləyib, Avropada seçicilər 20-25 illik bu ikiüzlüyə etiraz edərək yeni siyasətçiləri dəstəkləyirlər. Avropada sağ və millətçi siyastçilərin güclənməsi məhz bu amillərlə bağlıdır – eyni məsələlərə müxtəlif yanaşma ortalığa qoymaq institutları nüfuzdan salıb zəiflədir. Deməli, Avropada da yeni siyasi düşüncə tərzinə malik insanlar hakimiyyətə gələcəklər və bu obyektiv reallıq, son 20-25 ilin onurğasız siyasətinin nəticəsi olacaq. Yeri gəlmişkən, hələ 5-6 il öncə bu haqda yazılarım olub, müxtəlif mediada dərc edilib.
P.S. Vardanyan, sanki, baxışları ilə onu Qarabağa göndərən, biznes qurmasında dayağı olan Putini axtarır…