Rusiya diplomatları Əsədin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər edib

Dünən, 16:24           
Rusiya diplomatları Əsədin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər edib
Rusiya xəbər agentlikləri çərşənbə axşamı bildirib ki, uzun müddət Moskvanın müttəfiqi olan Bəşər Əsədin devrilməsindən sonra Suriyanı ilk dəfə ziyarət edən Rusiyanın rəsmi nümayəndə heyəti Dəməşqə səfər edib.

Səfər Moskvanın iki hərbi bazasının Suriyada qalmasını təmin etmək istədiyi bir vaxta təsadüf edir. Bundan öncə Prezident Vladimir Putin Əsədin devrilməsindən sonra Moskvanın Yaxın Şərqdə strateji “məğlubiyyət”ə uğradığını inkar edib.

RIA Novosti xəbər verir ki, müharibənin viran qoyduğu ölkənin rəhbərliyi ilə görüşəcək Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini, eyni zamanda Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi elçisi olan Mixail Boqdanov, habelə prezidentin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev daxildir.

Xəbər agentliyi bildirib ki, bu, üsyançıların ölkə boyu sürətli bir şəkildə irəliləyiş əldə etməsi fonunda Əsədin dekabrda ölkədən qaçmasından sonra “Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.”

Moskva Əsədin əsas dəstəkçilərindən biri olub, 2015-ci ildə ona dəstək məqsədilə Suriyadakı vətəndaş müharibəsinə cəlb olunub.

Əsəd və ailəsi üsyançıların onu devirməsindən sonra Rusiyaya qaçıb.

Rusiya indi Suriyanın yeni hakimiyyət orqanları Tartusdakı hərbi-dəniz bazasının və Xmeymimdəki aviabazasının aqibətini müəyyən etməyə çalışır. Onların hər ikisi Suriyanın Aralıq dənizi sahillərində yerləşir və Moskvanın keçmiş Sovet İttifaqından kənardakı yeganə hərbi forpostlarıdır.

Rusiyanın dövlət tərəfindən idarə olunan RT Arabic telekanalı bildirib ki, nümayəndə heyəti Suriyanın yeni lideri Əhməd əl-Şara, xarici işlər naziri Əsəd Əl-Şaibani və digər rəsmilərlə görüşməyə hazırlaşır.

Xarici İşlər Nazirliyinin saytında verilən məlumata görə, Boqdanov 1980-1990-cı illərdə Suriyada diplomat olub və ərəbcə danışır. Lavrentyev daha əvvəl Əsədlə danışıqlarda iştirak edib.

Şəraa Rusiyada "terrorçu" təşkilat kimi qadağan edilmiş islamçı qrupa - Heyət Təhrir əl-Şama (HTS) rəhbərlik edir.

RT Arabic xəbər verir ki, Boqdanov səfərin ümumi maraqlara əsaslanan tarixi əlaqələri gücləndirmək məqsədi daşıdığını bildirib və Rusiyanın Suriyanın birliyi və müstəqilliyinə ümid etdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.