İsrail və HƏMAS atəşkəs çərçivəsində girov və məhbus mübadiləsinin üçüncü mərhələsini həyata keçirir
Bu gün, 16:34
İsrail ordusu cümə axşamı günü səkkiz girovun – üç israillinin və beş xarici vətəndaşın azad edildiyini bildirib. Bu, İsrail və HƏMAS arasında atəşkəs razılaşması çərçivəsində həyata keçirilən girov və məhbusların üçüncü mübadiləsidir.
İsrail əsgəri Aqam Berqer Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsində Qırmızı Xaç təşkilatına təhvil verildikdən sonra İsrailə yola salınıb və orada valideynləri ilə görüşüb.
Bir neçə saat sonra Qırmızı Xaç karvanı cənubi Qəzzanın Xan Yunis şəhərindəki qarışıq və izdihamlı bir ərazidən keçərək digər iki israillini və Tailand vətəndaşlarını İsrail ordusuna təhvil verib.
İsrail Müdafiə Qüvvələri təsdiqləyib ki, azad edilən qrup daha sonra İsrail ərazisinə keçib. Ordunun verdiyi məlumata görə, azad edilən israillilər Arbel Yehud və Qadi Mozes, tailandlılar isə Tənna Ponqsak, Satiyan Suvannaxan, Sriaun Vaçara, Seatxao Bannavat və Rumnao Surasakdır.
İsrail ordusu bildirib ki, israillilər ailələri ilə, tailandlı vətəndaşlarla isə Tailand hökumət rəsmiləri ilə görüşəcəklər.
HƏMAS tərəfindən azad edilənlərə əlavə olaraq, İsrail razılaşma çərçivəsində 110 fələstinli məhbusu azad etməlidir.
Bundan əvvəlki mübadilələr zamanı Qəzzada saxlanılan 7 girov və İsrail həbsxanalarından 300 məhbus azad edilmişdi.
HƏMAS şənbə günü daha 3 girovu azad etməli, İsrail isə buna cavab olaraq onlarla fələstinli məhbusu buraxmalıdır.
Atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək və bu müddətin dörddə biri artıq keçib. Bu mərhələdə Qəzzada saxlanılan 33 girovun azad edilməsi və ikinci mərhələnin detalları barədə danışıqlar aparılması nəzərdə tutulur. İkinci mərhələ digər girovların azad olunması, münaqişənin dayandırılması və İsrail qüvvələrinin geri çəkilməsini əhatə edəcək.
Bu danışıqlar gələn həftə başlamalıdır.
Qəzzada isə fələstinlilər uzun müddətdir İsrail ordusunun girişinə qadağa qoyduğu bəzi ərazilərə qayıtmağa başlayıblar. BMT çərşənbə günü bildirib ki, bu həftə şimal Qəzzaya 423 mindən çox insan geri dönüb.
Müharibənin ilk günlərində İsrailin əmri ilə təxminən 1 milyon insan həmin bölgədən çıxmağa məcbur olmuşdu. İnsanlar İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları nəticəsində viran qalmış ərazilərə geri dönürlər.
Qəzzadakı müharibə 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Bu hücumda 1200 nəfər ölüb və 250 nəfər girov götürülüb.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzadakı hərbi əməliyyatları nəticəsində isə ən azı 47 400 insan həlak olub və onların çoxu qadınlar və uşaqlardır. İsrail ordusunun məlumatına görə, ölənlərin 17 000-i militantlardır.