Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...

Bu gün, 00:03           
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Ermənistanın baş naziri Nikol Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının” Prezident İlham Əliyevin təbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq. Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahiliylə də keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq. Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir. Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də əlavə edib. Böyük ehtimalla Paşinyan bu əlavəsiylə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır. Məsələn burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələrdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz.
Bütün hallarda Paşinyan Zəngəzur dəhliziylə bağlı addım barədə düşünür. Onun “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsiylə bağlı söylədiklərində də diqqət çəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”. Görünür, Paşinyan maneəsiz dəhilizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları passport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər.

Elxan Şahinoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.