NATO-dan Trampa təklif
Bu gün, 09:44
Alyans hesab edir ki, regionda amerikalıların iştirakı da daxil olmaqla gücləndirilmiş mövcudluq ABŞ-ın təhlükəsizlik maraqlarını təmin edə bilər.
NATO Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı "müzakirələri aradan qaldırmaq" üçün ABŞ prezidenti Donald Trampa alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etməyi planlaşdırır. Bu barədə DPA xəbər agentliyi NATO mənbələrinə istinadən xəbər verir.
"NATO ABŞ prezidentinə alyansın Arktikada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyi təklif etməyi planlaşdırır... Ümid var ki, Qrenlandiyanın Danimarkaya mənsub olması ilə bağlı müzakirələri aradan qaldırmaq mümkün olacaq", - məlumatda deyilir.
Alyans hesab edir ki, regionda amerikalıların iştirakı da daxil olmaqla gücləndirilmiş mövcudluq ABŞ-ın təhlükəsizlik maraqlarını təmin edə bilər.
NATO-nun baş katibi Mark Rutte və Danimarkanın baş naziri Mette Frederiksen Arktikada müdafiəni gücləndirmək barədə razılığa gəliblər.
ABŞ prezidenti Donald Tramp yanvarın 7-də vəzifəyə başlamazdan əvvəl Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu deyib və onun milli təhlükəsizlik və "azad dünya"nın, o cümlədən Çin və Rusiyadan qorunması üçün strateji əhəmiyyətini vurğulayıb. Qrenlandiyanın baş naziri Mute Egede adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Eyni zamanda Tramp Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verməyib.
2024-cü ilin sonunda Tramp ABŞ-ın İsveçdəki keçmiş səfiri və sahibkar Ken Hoverini ABŞ-ın Danimarkadakı yeni səfiri təyin etmək qərarını şərh edərək, ABŞ-ın Qrenlandiyaya sahib olmasını "mütləq zərurət" adlandırıb.
Qrenlandiya 1953-cü ilə qədər Danimarka koloniyası idi. Krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünü idarə etmək və daxili siyasətdə müstəqil seçim etmək imkanı ilə muxtariyyət qazanıb.