Xəbərdə “qonşu ölkə” dedikdə Rusiyanın nəzərdə tutulduğu aydındır

Bu gün, 10:44           
Xəbərdə “qonşu ölkə” dedikdə Rusiyanın nəzərdə tutulduğu aydındır
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yayımladığı son xəbərdə qeyd edilib ki, Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub. Xəbərdə “qonşu ölkə” dedikdə Rusiyanın nəzərdə tutulduğu aydındır. Çünki xəbərdə Rusiya səmasında raketlə vurulan Azərbaycan sərnişin təyyarəsiylə bağlı dezinformasiyaların yayılmasından söhbət gedir. Rusiya vurulan təyyarəyə görə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq əvəzinə Azərbaycana qarşı açıq və gizli təbliğat müharibəsinə başlayıb. Açıq müharibə dedikdə Rusiyanın informasiya resurslarında, o cümlədən Kremlə yaxın Telegram kanallarında Azərbaycana qarşı qarayaxma kampaniyasını nəzərdə tuturam. Gizli kampaniya isə saxta platformalar tərəfidən təşkil olunub.
Milli Məclisin komissiyasının xəbərində Azərbaycana qarşı hibrid savaşının geniş şəkil aldığı bu cümlələrlə izah olunub: “Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib. Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından “deepfake” (süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar”.
Rusiya hibrid savaşlarını adətən Avropa ölkələrinə və ABŞ-a qarşı aparır, saxta profillər vasitəsilə dezinformasiyalar yayırlar. Kreml bu dəfə Azərbaycanı hədəf seçib. Ölkəmizə qarşı hibrid savaşı təlimatının Kremldən gəldiyi aşkardır, çünki Moskvadakı dezinformasiya yayan şəbəkələr özbaşına Azərbaycana qarşı savaş açmazdılar.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.