Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 39 qərar çıxarıb
Bu gün, 09:45
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2024-cü ildə Azərbaycandan göndərilmiş 76 ərizəyə mahiyyəti üzrə baxaraq 39 qərar çıxarıb və onların 38-də ən az bir pozuntu müəyyən edib.
Məhkəmənin yanvarın 31-də yaydığı 2024-cü il üzrə illik hesabatına əsasən, ötən il Azərbaycanla bağlı çıxarılmış qərarlarda ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu aşkarlanıb.
Mülkiyyət hüququ, işgəncə və pis rəftara məruz qalmamaq hüququ, ifadə azadlığı, həmçinin toplaşmaq və birləşmək azadlığı Azərbaycanda digər ən çox pozulan hüquqlar sırasındadır.
Avropa Məhkəməsi 2024-cü ildə ümumilikdə mahiyyəti üzrə 1102 qərar qəbul edib. Azərbaycan barəsində çıxarılan qərarların sayına (39) görə Avropa Şurasına üzv ölkələr arasında altıncı sırada yer alıb.
Məhkəmə Rusiyaya qarşı 302, Ukraynaya qarşı 158, Türkiyəyə qarşı 73, Rumıniya və İtaliyaya qarşı 58, Macarıstana qarşı isə 51 qərar çıxarıb. Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Ermənistan barəsində isə müvafiq olaraq 18 və 16 qərar elan edilib.
Avropa Məhkəməsinə göndərilən şikayətlərin ümumi sayında ciddi azalma müşahidə olunur. 2022-ci ildə məhkəməyə 45 mindən çox şikayət daxil olmuşdusa, ötən il bu rəqəm 29 min civarında olub.
Hüquqşünas Xalid Ağaliyev bunu xüsusən də Rusiyanın məhkəmənin yurisdiksiyasından çıxması ilə əlaqələndirir.
Digər tərəfdən Azərbaycandan göndərilən şikayətlərin sayında ardıcıl ikinci ildir artım qeydə alınıb. Ötən il Azərbaycandan göndərilmiş 600 ərizə qəbul edilib. 2023-cü ildə bu rəqəm 438, 2022-ci ildə isə 389 olmuşdu.
Hazırda Azərbaycandan göndərilmiş 1968 ərizə baxılmasını gözləyir və ölkə bu baxımdan Avropa Şurasına üzv ölkələr sırasında 8-ci yerdədir.
2024-cü ilin statistikasına əsasən, AİHM qarşısında baxılmasını gözləyən ümumilikdə 60 mindən bir qədər çox ərizə var. Bu, son beş ildə ən aşağı rəqəmdir.
Türkiyə 21 mindən çox ərizə ilə bu kateqoriyaya liderlik edir. İlk üçlüyü 8 mindən çox ərizə ilə Rusiya və 7 mindən çox ərizə ilə Ukrayna tamamlayır.