Venesuela Maduro və Trampın nümayəndələri arasında görüşdən sonra 6 amerikalını azad edib
Bu gün, 10:24
Son aylarda Venesuelada həbs edilən altı amerikalı, prezident Nikolas Maduro hökuməti tərəfindən cümə günü yüksək rütbəli Tramp administrasiyası rəsmisi ilə görüşdən sonra azad edilib.
ABŞ prezidenti Donald Tramp və onun xüsusi missiyalar üzrə nümayəndəsi Riçard Qrenel sosial mediada altı amerikalının azad edildiyini elan ediblər. Qrenell “X” platformasında (keçmiş Twitter) bir foto paylaşaraq, onun və azad edilən şəxslərin təyyarədə olduğunu göstərib.
Ağ Evin məlumatına görə, Qrenelin Venesuelaya səfəri Trampın venesuelalı miqrantları öz ölkələrinə deportasiya etmək səyləri və həbsdəki amerikalıların azad olunması ilə bağlı idi. Hal-hazırda Venesuela deportasiya edilən vətəndaşlarını qəbul etmir.
“Biz artıq yoldayıq və bu 6 amerikalı vətəndaşla evə qayıdırıq,” – Qrenell “X” platformasında yazıb. “Onlar az əvvəl Donald Tramp ilə danışdılar və ona dəfələrlə təşəkkür etdilər.”
Qrenelin səfəri bir çox venesuelalılar üçün gözlənilməz olub. Onlar ümid edirdilər ki, Tramp hakimiyyətdə olduğu ilk dövrdə Maduroya qarşı tətbiq etdiyi “maksimum təzyiq” kampaniyasını davam etdirəcək.
Trampın Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver-Karone cümə günü jurnalistlər üçün keçirdiyi konfransda Qrenelin Karakas səfərini öncədən elan etmişdi. O bildirib ki, Qrenel Tramp administrasiyasının əsas məqsədi olan Venesuelada demokratiyanın bərpasına mane olmayan konkret bir missiya üçün Venesuelaya gedib.
Səfər Maduronun üçüncü altı illik prezidentlik müddətinə and içməsindən bir ay keçməmiş baş tutub. Bununla belə, etibarlı dəlillərə əsasən, Maduro keçən ilki seçkiləri 2-yə 1 fərqlə uduzub. ABŞ hökuməti və bir sıra Qərb ölkələri Maduronun seçkilərdə qələbə qazandığını tanımır.
Venesuela dövlət televiziyası Qrenel və Maduronun Karakasdakı Miraflores Sarayında görüşdüyünü əks etdirən kadrlar yayımlayıb. Venesuela rəsmiləri görüşün ABŞ hökumətinin istəyi ilə baş tutduğunu bildirib.
Cümə günü Ağ Evdə fərman imzalayan Trampa jurnalistlər Qrenelin Maduronu tanımayan Tramp administrasiyasının nümayəndəsi kimi onunla görüşməsinin Maduroya legitimlik qazandırıb-qazandırmadığını soruşublar.
“Xeyr. Biz Venesuela ilə bağlı nələrsə etmək istəyirik. Mən həmişə Venesuelaya və Maduraya qarşı çıxmışam,” – Tramp cavab verib. “Onlar bizə yaxşı münasibət göstərməyiblər, amma daha da önəmlisi, Venesuela xalqına çox pis davranıblar.”
Bəzi Respublikaçılar səfəri tənqid ediblər.
“Bu, tamamilə yanlış zamandır,” – deyə Tramp administrasiyasında Venesuela və İran üzrə xüsusi elçi olmuş Elliot Abrams bildirib. “Maduro ilə görüş onun hakimiyyətini legitimləşdirmək və amerikalıların onu prezident kimi tanıdığını göstərmək üçün istifadə ediləcək. Əgər məqsəd miqrasiya problemləri ilə bağlı sərt bir mesaj vermək idisə, bunu prezident özü edə bilərdi. Karakasa nümayəndə göndərməyə ehtiyac yox idi.”
Həbsdə olan şəxslər arasında 10-a qədər amerikalı olduğu bildirilsə də, nə Ağ Ev, nə də Maduro hökuməti azad edilən altı nəfərin adlarını hələ açıqlamayıb.