İran rəsmiləri Şərqi Azərbaycanda dövlət idarələrində çox sayda adamın saxlanıldığını bildirib
Bu gün, 16:24
Şərqi Azərbaycan vilayətində dövlət dairələrində sənəd hazırlamaq və rüşvət almaqda suçlanan 28 nəfərin İranın təhlükəsizlik polisi tərəfindən saxlanıldığı bildirilib. Keçən həftə də Təbriz neft emalı zavodunun bir neçə əməkdaşı saxlanılmışdı.
Rəsmi dövlət agentliyi İRNA bu barədə İran məhkəmə sisteminin kəşfiyyat şöbəsinin sədri Höccətül-İslam Əli Abdullahiyə istinadən məlumat yayıb.
Abdullahi saxlanılanların Şərqi Azərbaycan vilayətinin əmlak reyestri, bələdiyyə və notariat idarəsi kimi qurumlarda vəzifəli olan, eləcə də həmin qurumlarda nüfuz sahibi olduğunu iddia edən şəxlər olduğunu bildirib.
“Şərqi Azərbaycan vilayətində sənəd hazırlama, sənəd saxtalaşdırma, dələduzluq və rüşvət almaq kimi fəaliyyətlər ilə məşğul olan 28 şəxs vilayətin təhlükəsizlik polisinin əməkdaşlığı ilə təqibə alınıb və saxlanılıblar,” İran məhkəmə sisteminin rəsmisi deyib.
Keçən həftə də Təbriz neft emalı zavodunun bir neçə əməkdaşının saxlanıldığına dair xəbərlər yayılmışdı.
Təbriz prokurorunun bildirdiyinə görə, neft emalı zavodunda tutulanlar mənimsəməkdə ittiham edilir. Onun sözlərinə görə, “hazırda bu məsələ ilə əlaqədar iki nəfər saxlanılaraq onlara qarşı ittiham irəli sürülüb. Onlardan biri nəzarət altında, digər isə zəmanətlə müvəqqəti azadlığa buraxılıb.”