"İran Ermənistandan keçən istənilən marşrutun əleyhinədir”
Bu gün, 12:34
!["İran Ermənistandan keçən istənilən marşrutun əleyhinədir”](/uploads/posts/2025-02/1738872214_1.jpg)
İran Ermənistan ərazisindən keçən hər hansı bir marşrutun əleyhinədir.
TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun çəkilməsindən danışarkən deyib.
O, Tehranın Azərbaycana yüklərin daşınması üçün yeni marşrut təklif edəcəyini bildirib.
“Azərbaycanın Naxçıvana İran ərazisindən keçən yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar İran və Ermənistan sərhədinə yaxınlaşdılar. Əvvəlki yol yük daşımaları üçün uzun məsafə idi. Təklif olunmuşdu ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, digərini isə İran və Ermənistana sərhədinə yaxın ərazidən keçsinlər”, – Sobhani deyib.
Onun sözlərinə görə, İrandan keçən marşrut zamanı bütün gömrük qaydaları İran qanunlarına əsasən həyata keçirilir. Nəqliyyat yollarına gəlincə isə, səfir bunun İranın ərazi bütövlüyü qorunmaqla həyata keçirilməsinə etiraz etmədiyini deyib.
“Biz Ermənistan ərazisindən yolun çəkilməsinə qarşı deyilik, lakin bu, ölkənin ərazi bütövlüyünə zərər vurmamalıdır. Dəhliz məntiqi ilə çəkilən istənilən yolun əleyhinəyik. Biz beynəlxalq nəzarətdə olan, sərhədlərin dəyişməsinə və geosiyasi dəyişikliklərə səbəb olacaq yolların əleyhinəyik. Bu məsələdə bizi heç bir ölkənin münasibəti maraqlandırmır”, – səfir qeyd edib.
O, həmçinin İranın Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyən yeganə region ölkəsi olduğuna da diqqət çəkib.
“Bizim mövqeyimiz aydındır: “dəhliz” Ermənistan kimi İran üçün faydalı deyil. Bəzi ölkələr İranın bu məsələdə güzəştə getdiyi barədə şayiələr yayır, lakin Tehran üçün bu, təhlükəsizlik məsələsidir”, – Sobhani deyib.
Xatırladaq ki, səfir Sobhani vaxtaşırı Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Daha öncə də o, ədalətsiz, qərəzli çıxışları ilə diqqət çəkib. Maraqlıdır ki, İran-Azərbaycan münasibətlərində bir az ilıqlıq yarananda Mehdi Sobhani dərhal anti-Azərbaycan mövqedən çıxış edir. Prezidentin köməkçisi Hikmət Hacıyev bu günlərdə İrana səfər etdi. O, İranın bir neçə yüksək vəzifəli məmuru ilə, həmçinin prezident Pezeşkianla görüşdü. Bu təmasların iki ölkə arasında münasibələrin yaxşılaşmasına xidmət etdiyi deyilir.
Mehdi Sobhaninin hər dəfə olduğu kimi indi də Azərbaycana qarşı sərt və ədalətsiz mövqeyi bəzi şübhələrə yol açır. Sobhani hansı dairələrin sifarişini icra edir?