Parlamentdə kimlərə yenidən şans veriləcək? - ARAŞDIRMA

10-07-2015, 10:28           
Parlamentdə kimlərə yenidən şans veriləcək? - ARAŞDIRMA
Azərbaycanı növbəti parlament seçkilərindən olduqca qısa zaman kəsimi ayırır. Artıq qarşıdakı seçkilərə qatılacaq siyasi partiyalar və müstəqil namizədlər erkən seçim hazırlıqlarına başlayıblar. Ekspertlər bu il seçkilərə qatılacaq namizədlər arasında kifayət qədər gərgin mübarizənin müşahidə olunacağını və bu mənada seçkilərdə iştirakını planlaşdıran bütün siyasi qüvvələrin bu seçki yarışına ən güclü namizədlərlə qatılacağını proqnozlaşdırır.

Editor.az-ın araşdırması göstərir ki, Azərbaycanda keçirilən bütün seçkilərin favoriti olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun hələ yanvar ayında Trend-ə verdiyi müsahibə də ekspertlərin dediklərini təsdiq edir. O öz müsahibəsində parlament seçkilərində partiyanın namizədlərinin tərkibində dəyişikliklərin olacağının anonsunu vermişdi.

"Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək"-deyə, deputat qeyd etmişdi.

YAP-çı deputatın açıqlamasında diqqət çəkən əsas məqamlardan biri "...bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı namizədin dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı apardığı iş qənaətbəxş deyil" fikirləridir. Uzun illərdir cəmiyyətdə müzakirə olunan və qınaq obyektinə çevrilən mövzunun yenidən YAP-çı deputat tərəfindən gündəmə gətirilməsi təsadüfi sayıla bilməz. Əslində isə bu tezisdə gizlənən mesaj yalnız YAP-ı təmsil edən deputatlara deyil, eyni zamanda partiyalılığı olmayan, ancaq özünü hakim siyasi kursun dəstəkçisi kimi təqdim edən, fəaliyyətində iqtidarın siyasi xəttini müdafiə edəcəyini bildirdiyi üçün hakimiyyətin xalq arasında böyük nüfuzu hesabına seçicilərindən dəstək görən bir sıra millət vəkillərinə aid etmək olar.

Çünki, bəzi deputatların fəaliyyətsizliyi, passivliyi o həddə çatıb ki, onlar nəinki parlamentin işində yaxından iştirak etmir və seçiciləri ilə təmasdan yayınırlar, hətta dövlətçilik maraqlarının qorunması ilə bağlı ən həlledici məqamlarda belə danışmağa, ortaya mövqe qoymağa ehtiyac duymurlar.

Bu mənada hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun bu açıqlaması seçki ilində bu qəbildən olan deputat üçün qeyri-rəsmi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.

Lakin şübhəsiz ki, Azərbaycanda parlamentdə aktiv fəaliyyəti ilə seçilən, təmsil olunduğu düşərgəni ləyaqətlə müdafiə edən parlamentarilər də az deyil. Bu yazıda məhz Milli Məclisin aktiv və təmsil etdiyi komandayan sədaqətli üzvlərindən, bir sözlə üzağardan deputatlarından bəhs etmək niyyətindəyik.

Parlamentin aktiv deputatlarından danışanda ilk olaraq Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın artıq bəşəri xarakter alan fəaliyyəti yada düşür. İstər parlamentin işində fəal iştirakına, istər seçicilərlə mütəmadi təmaslarına, istərsə də parlamentlərarası beynəlxalq əlaqələrin qurulmasına verdiyi tövhələr, Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafı istiqamətində göstərdiyi yorulmaz səy Mehriban Əliyevanı Milli Məclisin ən uğurlu üzvü kimi önə çıxarıb.

Millət vəkilləri Ziyafət Əsgərovun, Bahar Muradovanın, Eldar İbrahimovun, Fəttah Heydərovun, Qənirə Paşayevanın, Azay Quliyevin, Adil Əliyevin, Səməd Seyidovun, Elmira Axundovanın, Kamilə Əliyevanın, Jalə Əliyevanın, Zahid Orucun, Ülvi Quliyevin, Siyavuş Novruzovun, Hacı Salayevin, Sahib Alıyevin, Elton Məmmədovun, Əli Hüseynlinin, Əhməd Vəliyevin, Azər Badamovun, Aydın Mirzəzadənin, Çingiz Qənizadənin, Rövşən Rzayevin, Mahir Aslanovun, Səttar Mehbalıyevin, Malik Həsənovun və digərlərinin müvafiq olaraq seçicilərlə iş, parlamentdə aktiv təmsilçilik, dövlətimizlə bağlı mühüm məqamlarda ortaya qoyduğu qəti mövqe baxımından fəaliyyətləri uğurlu sayıla bilər. Şübhəsiz ki, bu siyahı son deyil və bunu bir sıra digər dəyərli deputatlarımızın adları ilə uzatmaq da olar.

Ümid edirik ki, parlament seçkilərinin yaxınlaşması bəzi deputatlar üçün bir siqnal olacaq və nəhayət ki, onlar millət vəkili kimi mühüm bir mövqedə olduqların xatırlayacaqlar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.