Müsavat 73 dairədən deputatlığa namizədini müəyyənləşdirdi - Açıqlama

30-07-2015, 22:43           
Müsavat 73 dairədən deputatlığa namizədini müəyyənləşdirdi - Açıqlama
Müsavat Partiyası noyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Bunu Modern.az saytına Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, artıq partiyanın 73 dairədən namizədləri müəyyənləşib: “Partiyamız seçkilərə hazırlaşır. Seçkilərdə iştirak etmək haqda qərar var. Mərkəzi Seçki Komissiyası qanunun tələblərinə uyğun olaraq seçilərlə bağlı elan verdikdən sonra Müsavat öz Məclisində namizədlərini dairələr üzrə təsdiq edəcək. Kimsə Müsavatın seçkilərdə iştirak etməyəcəyini, bu hakimiyyətin apardığı siyasətin yanlış, xalqa zidd olduğu haqda fikirlər səsləndirməyəcəyini düşünürsə, yanılır. Müsavat həmişəki hakimiyyətlə mübarizənin önündə olub. Bundan sonra da öndə addımlayacaq. Seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışacaq. Söz isə təbbi ki, xalqın olacaq.
Artıq 73 dairədən namizədlər dəqiqləşib. Qalan dairələrdə isə namizədlərlə rayon təşkilatları arasında bu məsələnin razılaşdırılması prosesi davam edir. Avqustun sonuna kimi vaxt var”.

Gülağa Aslanlı qeyd edib ki, özünün strukturları ilə Azərbaycanın bütün ərazisini əhatə edən 2-3 partiya varsa, onlardan biri də Müsavatdır:

“Kimin nə deməsindən asılı olmayaraq, Müsavat Azərbaycanda müxalifətdə olan ən güclü partiyadır. “Müsavat legitim deyil” deyənlərin sadəcə siyasi savadı yoxdur və siyasi əxlaqı zəifdir. Çünki Müsavat 2014-cü ildə özünün növbəti qurultayını keçirib. Qurultaydan sonra da lazımi sənədləri qanunauyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi də partiyanın təqdim etdiyi bütün sənədləri təsdiqləyib. Müsavat kimi qurultay keçirə bilən 2-ci bir partiya yoxdur. İqtidarda və ya harada olmağından asılı olmayaraq, buyurub gəlib Müsavatın təcrübəsini öyrənsinlər. Bizim partiyada bütün seçkili orqanlara seçkilər gizli səsvermə ilə keçirilir. O cümlədən də başqan seçkisi də gizli səsvermə ilə keçirildi. Qurultayda da biz bunu bütün dünyaya nümayiş elətdirdik.
Müsavat sübut elədi ki, seçkiqabağı mühit, təbliğat üçün şərait də yarada, seçkilərin nəticələrini internet vasitəsilə bütün dünyaya yaya da bilir. Bunu təkrar edə bilən varsa, buyursun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.