Natiq Əmirov: Azərbaycanın iki nəqliyyat dəhlizi Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu

29-01-2018, 09:22           

Azərbaycanın həm liderliyi, həm təşəbbüsü, həm də mühüm rolu ilə həyata keçirilən iki nəqliyyat dəhlizi – Şərq-Qərb və Şimal-Cənub Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov AzTV-yə açıqlamasında deyib.

N.Əmirov bildirib: "Birinci növbədə Şərq-Qərb nəqliyyat dəhlizidir ki, bu dəhliz Çindən Avropaya yüklərin daşınması üçün ən qısa quru yolu kimi müəyyən edilib. Hazırda 60-70 gün çəkən müddət quru yolu ilə təqribən 3 dəfəyə yaxın, bir çox hallarda daha çox qısalır. Şərq-Qərb nəqliyyat dəhlizi ən qısa quru yolu kimi artıq dünyada qəbul olunur".

Onun sözlərinə görə, ikinci istiqamət Şimal-Cənub nəqliyyat dəhlizidir: "Bu da Hindistan, İran və Pakistandan yüklərin quru yolu ilə Avropa ölkələrinə çatdırılmasını təmin edir".

Prezidentin köməkçisi vurğulayıb ki, ilk baxışda bunlar bir iqtisadi layihə kimi görünsə də, həm də siyasi layihələrdir:

"Yəni bu iki layihənin həyata keçirilməsi üçün - yəqin ki, mütəxəssislər də təsdiq edərlər - dünya dövlətləri yüz illərlə mübarizə aparıb. Artıq Şərq-Qərb yolu işə düşüb, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində isə ciddi işlər gedir. Bu layihələr Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü, liderliyi və ən mühümü, ciddi iradəsi hesabına ərsəyə gələn layihələrdir. Azərbaycan bu layihələrə böyük investisiyalar qoydu, cənab Prezident ciddi siyasi iradə ortaya qoydu və ən əsası, bu layihələrin ətrafında dünya dövlətlərinin marağını saxlaya bildi. Azərbaycan dövlətinin başçısı burada siyasi qrossmeyster rolunda çıxış edirdi. Yəni siyasi qüvvələrin, dünya dövlətlərinin və dünyanın iqtisadi güclərinin həmin layihələr çərçivəsində Azərbaycanın orbitindən kənarlaşmasına imkan vermədi və onların hamısının iştirakı ilə həmin nəqliyyat dəhlizlərinin reallaşmasına nail oldu. Cənab Prezident deyirdi ki, Azərbaycan kiçik dövlətdir - ərazisinə və əhalisinə görə. Amma bu kiçik olmağı necə üstünlüyə çevirmək olar? Cənab Prezidentin iqtisadi və siyasi siyasəti buna yönəlirdi. Yəni qonşular böyük dövlətlərdirsə, biz isə kiçik dövlətiksə, bu özü bir üstünlükdür. Cənab Prezident həmin üstünlükdən faydalandı".

N.Əmirov qeyd edib ki, qonşu İran, Rusiya və Türkiyənin bazarları 300 milyon insanı əhatə edən bazarlardır: "Cənab Prezident bu dövlətləri Azərbaycana gətirdi və bu ölkələrlə elə mehriban iqtisadi, siyasi əlaqələr qura bildi ki, bu gün bizim ixracatımızın əsas hissəsi bu dövlətlərə yönəlib. Cənab Prezident söylədi ki, qonşularla mehriban münasibət qurmaq dövlətin öz maraqlarını qorumaq yolunda ən mühüm amillərdən biridir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.