Azərbaycana səfər təşkil edə bilməyən Avropa Şurası dağılarsa...
29-01-2018, 09:50
Qabil Hüseynli: “Bu səfərin yubadılmasında mənfi çalarlar axtarmamalıyıq”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçilərinin fevral ayındakı Bakı səfərinin baş tuta bilməyəcəyi ilə bağlı xəbərlər yayılıb. Komitənin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Predanın açıqlamasından sonra bu səfərin olmayacağı ehtimalları getdikcə artır.
Buna səbəb kimi Avropa Şurasının üzləşdiyi maliyyə böhranı göstərilir. Rusiyanın üzvlük haqqını ödəməkdən imtina etməsindən və Türkiyənin maliyyə vəsaitini azaltmasından sonra Avropa Şurasının bu halla üzləşdiyi bildirilir. Lakin Sezar Florin Preda deyilənləri təkzib edərək, böhrana səbəb kimi bu halların olmadığını deyib.
İstənilən halda Avropa Şurası kimi nüfuzlu beynəlxalq qurumun bir səfəri gerçəkləşdirmək gücündə olmaması bir sıra suallara yol açıb. Siyasi şərhçilər hesab edirlər ki, burada başqa səbəblər var. Doğrudur, səfərin bu ilin sonlarına qədər baş tutacağı deyilir. Səfərin yubanmasına səbəb kimi Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə olan soyuqluq da göstərilir.
AŞ-ın bu şəkildə davam edərsə dağıla biləcəyi və dağılarsa, bunun nə kimi nəticələri ola biləcəyi barədə məsələlər də diqqət çəkir.
Politoloq Qabil Hüseynli Avropa Birliyinin dağılmayacağını düşünür və həmməruzəçilərin səfərinin baş tutmamasına səbəb kimi başqa halları göstərir: “Avropa Şurasının dağılması ehtimalı yoxdur. İstənilən halda bu qurum özünü qoruyub saxlayacaq. Sadəcə olaraq, qurumda siyasi rəhbərlik dəyişdi, yeni prezident seçildi. O da görünür proseslərə tam hakim deyil. Bəzi dövlətlərin Avropa Şurasının işlərini pozmağa etdiyi cəhdlər özünü aydın şəkildə göstərir. Burada söhbət üzvlük haqqını vaxtında ödəməməkdən və Avropa Şurasının nüfuzu haqqında müxtəlif rəvayət xarakterli fikirlərin yayılmasından gedir. Avropa Birliyi hələ öz missiyasını başa vurmayıb. Açığı düşünmürəm ki, Azərbaycanla Avropa Şurası arasında ciddi fikir ayrılıqları var və ölkəmizə qarşı münasibətdə dəyərləndirmələr qeyri-obyektiv xarakter daşıyır. Ola bilsin ki, belə hallar olub və hazırda da var. Amma bütövlükdə bu qurum Azərbaycanla işləməkdə, ölkəmizlə münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Bizə də belə bir məkan lazımdır ki, Dağlıq Qarabağ və digər beynəlxalq məsələrimizi həll etmək üçün bu qurumun tribunasından istifadə edək, səsimizi dünyaya yayaq, Cənubi Qafqazın lider dövləti kimi mövcudluğumuzu bu tribunadan təsdiq edək. Bu qurumun səfər təşkil etmək üçün maliyyəsinin çatmaması ilə bağlı məsələ açığı, mənə təəccüblü gəlir. Çünki Avropa Şurası təkcə Rusiya və Türkiyəyə söykənən qurum deyil. Bu birliyin ciddi himayədarları var. Bunların içərisində Almaniya, Fransa və İtaliya kimi nüfuzlu Avropa ölkələrini göstərə bilərik. Yəni onlar bir neçə nəfər nümayəndə heyətinin Azərbaycana səfərini maliyyələşdirə bilərdilər.
Zənnimcə, sön dövrlərdə Azərbaycanla Avropa Şurası arasında yaranan müəyyən gərginliyin bir qədər səngiməsi və bunun bu şəkildə davam etməsi üçün qəsdən bu bəhanə uydurulur. Onlar yaxşı bilirlər ki, Azərbaycan hökuməti Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı çox ciddi qərarlar qəbul edib. Bu qərarların içərisində ”Qızıl amnistiya" qərarının qəbul ediləcəyi də gündəmdədir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti bu qərarı verməklə hər zaman ittiham obyektinə çevrilə siyasi məhbus məsələsini həll etmək niyyətindədir. Bununla da Avropa strukturları ilə əlaqələrinə xüsusi intensivlik vermək niyyətindədir. Görünür, Avropa qurumları Azərbaycan hökumətinin xeyirxah niyyətini yaxşı başa düşür. AŞ PA-nın qış sessiyasında hətta almaniyalı və britaniyalı deputatlar Azərbaycanda gedən işlərin müsbət tərəflərini həm tribunada, həm də mətbuat konfransında bəyan etdilər. Bütün bunlar onu göstərir ki, Avropa strukturları Azərbaycan kimi önəmli bir ölkəni itirmək istəmirlər. Avropa Şurasının maliyyə böhranı ilə üzləşdiyi barədəki fikirlərim subyektiv olsa da, həqiqətə yaxın olduğunu düşünürəm. Biz bu səfərin yubadılmasında mənfi çalarlar axtarmamalıyıq və buna heç gərək də yoxdur. Ola bilsin ki, bundan sonra Azərbaycanın Avropa Birliyi ilə imzalayacağı sənədlər ön plana keçsin və bundan sonra Avropa Şurasının nümayəndə heyətinin ölkəmizə səfəri gerçəkləşsin".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”