Komitə sədrinin qardaşı indidən özünü təbliğ edir.... - Qanunlar bunu qadağan etsə də...

27-08-2015, 21:22           
Komitə sədrinin qardaşı indidən özünü təbliğ edir.... - Qanunlar bunu qadağan etsə də...
67 Cəlilabad Şəhər Seçki Dairəsində YAP seçkilərə start verib? Bu sualı redaksiyamıza yollayan Cəlilabad sakinləri 5 ildir ki, üzünü görmədikləri deputatlarının təbliğata start verdiklərini deyirlər. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov artıq seçiklərə start verib. Rayon sakinləri iddia edirlər ki, Malik Həsənova illər boyu üzünü görə bilməyiblər. Rayonda qalaq-qalaq yığılan təsərrüfat problemləri, sosial problemlərlə bağlı olaraq deputata dəfələrlə müraciət etəsələr də, bu günə qədər heç bir cavab ala bilməyiblər. Cəlilabad sakinləri, Malik Həsənovun dairəsindən olan sakinlər deyirlər ki, bu deputata dəfələrlə müraciət etsələr də ondan səs çıxmayıb. Hətta rayon sakinlərindən bir neçəsi, Göytəpə sakinləri deyirlər ki, dəfələrlə Milli Məclisin binasına yolanaraq öz deputatlarına müraciət etmək üçün cəhd göstərsələr də, Həsənov onları dinləmədən avtomobilinə əyləşərək saymazyana şəkildə ərazini tərk edib.

GUNDEMİNFO.AZ-a şikayət edən sakinlər artıq Malik Həsənovun rayondan deputat olmaması üçün imza toplamaq qərarına gəliblər. Hələlik adının çəkilməsini istəməyən Cəlilabadın şəhər orta məktəblərində müəllim işləyən bir qrup vətəndaş Yeni Azərbaycan Partiyasına müraciət edəcəklərini bildiriblər. Redaksiyamıza bilgi verən mənbə iddia edir ki, Malik Həsənov deputat olduğu zamanda yalnız öz biznesini inkişaf etdirməklə məşğul olub. Qardaşının səlahiyyətlərindən gen-bol istifadə etməklə onun rayonda böyük əkin sahələri, ferma və özəlləşdirilmiş obyektlərinin olduğu söylənilir. Lakin Malik Həsənov yerli əhali üçün heç bir dəstək göstərməyib.

Məsələn GUNDEMİNFO.AZ-a müraciət edən Bəciravan kənd sakinləri deyirlər ki, M.Həsənov yalnız özünün əkin sahələri olan kəndlər üçün su problemini həll edir. Bəciravanda isə insanlar nəinki əkin sahələrini, heç içmək üçün belə su tapmamaqda çətinlik çəkirlər. Qeyd edək ki, Malik Həsənovla bağlı olaraq redaksiyamıza daxil olan çoxsaylı şikayətləri yaxın günlərdə geniş şəkildə işıqlandıracağıq. Onu da əlavə edək ki, hakim Yeni Azərbaycan Partiyası hələlik dəstəklədiyi namizədlərin siyahısını açıqlamayıb. Siyahının açıqlanması barədə partiyadan verilən informasiyada bildirilir ki, dövlət başçısı seçkilərə rəsmən start verildikdən sonra siyahı açıqlanacaq. Lakin Malik Həsənov hakim partiyanın qərarını gözləmədən seçkilərə start verib. Hər halda görünür komitə sədrinin qardaşı buna ehtiyac duymur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.