Qalmaqallı bloger yenə İrəvana gedir

24-03-2018, 19:43           

Ötən il böyük qalmaqala səbəb olmuş və xeyli xahiş-minnətdən sonra həbsxanadan azad edilərək Azərbaycandan ekstradisiya edilən bloger Aleksandr Lapşin işğalçı Ermənistana gedəcək.

GunAz.org Ermənistan mediasına istinadən xəbər verir ki, Rusiya və İsrail vətəndaşı olan bloqqer bu barədə öz “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, İrəvanda keçiriləcək “Tour Expo 2018” V Beynəlxalq Turizm Sərgisində iştirak etmək üçün Ermənistana gedəcək. Lapşin bildirib ki, o, bu dəfə də dinc oturmaq fikrində deyil: “Mən İrəvanda “Lapşin Bakı yollarında” müəllif proqramımı təqdim edəcəyəm”.

Lapşin qeyd edib ki, səfəri aprelin 20-də baş tutacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 11-i bloger Aleksandr Lapşini əfv edib.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Bundan başqa, Lapşinin özünün Puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, o, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum edib.

Hökmə görə, Lapşinə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.