“SSRİ-nin Azərbaycana müsbət töhfələri də olub” — Komitə sədrindən ŞOK AÇIQLAMA

9-05-2018, 14:43           
“SSRİ-nin Azərbaycana müsbət töhfələri də olub” — Komitə sədrindən ŞOK AÇIQLAMA
“Azərbaycan dövlətçiliyinin yaradılmasında və ziyalıların formalaşmasında SSRİ-nin müsbət cəhətləri var. Ona görə də bir sözlə “SSRİ pisdir” və ya “SSRİ yaxşıdır” demək olmaz. Sovet İttifaqının bizə mənfi cəhətləri kimi, müsbət cəhətləri də çox olub”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Pariyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri Azərbaycanda SSRİ-yə qarşı açıq nifrətin bəslənilməsinə tərəfdar olmadığını söyləyib:

“Biz hər zaman SSRİ-nin mənfi cəhətlərindən çox danışırıq. Ancaq hesab edirəm ki, Sovet İttifaqının Azərbaycana müsbət cəhətlərindən də danışmalıyıq. Baxmayaraq ki, SSRİ-nin ölkəmizə və xalqımıza ziyanları olub. Ancaq SSRİ-nin Azərbaycana müsbət töhfələri də olub. SSRİ dövründə bizim nə qədər gənc və görkəmli ziyalılarımız məhv olsa da, amma Sovet İttifaqının bizə müsbət rolu da olub”.

A.Rəhimzadə həmçinin qeyd edib ki, 9 may qələbəsinin əldə edilməsində SSRİ-nin üzvü kimi Azərbaycanın da xüsusi rolu olub:
“Böyük Vətən Müharibəsi dünyanı böyük bəlalardan xilas edib. İndiyədək dünyaya faşizm kimi böyük bəla gəlməyib. Faşizm insanları mənsubiyyətinə görə məhv etmək ideologiyasını həyata keçirən siyasət idi.

Böyük Vətən Müharibəsi isə təkcə Sovet İttifaqını və Azərbaycanı deyil, bütün dünyanı bu bəladan qurtarıb. Azərbaycanın 9 may qələbəsində böyük rolu və töhfəsi olub. Azərbaycanın 375 min insanı bu müharibədə iştirak edib, on minlərlə insanımız həlak olub. Müharibənin udulmasında Bakı nefti həlledici amil olub. Məhz buna görə də Hitler qoşunları Bakını bombardman etmək istəmirdi. Bilirdi ki, Bakını bombardman etsə, neft əlindən çıxacaq. Hətta, Sovet İttifaqı rəhbərliyinin də Bakı neftinin Hitlerin əlinə keçməməsi ilə bağlı xüsusi göstərişi vardı. Yəni, qələbənin əldə edilməsində Bakı neftinin xüsusi əhəmiyyəti olub. Əgər Bakı nefti olmasaydı, Hitler qoşunları üzərində qələbənin əldə edilməsi mümkün olmaya bilərdi. Çünki həmin dövrdə bütün hərbi texnikalar yanacaq kimi Bakı nefti ilə hərəkət edirdi. Ona görə də 9 may qələbəsinin əldə edilməsində Azərbaycanın rolu və töhfəsi çox böyükdür. Buna görə də gərək biz dədə-babalarımıza hörmətlə yanaşaq. Çox sağ olsun ki, cənab prezident də həmin insanlara böyük diqqət yetirir.

Amma bəzi ölkələr var ki, 9 maydan imtina edib. Bu düzgün addım deyil. Mən buna unutqanlıq yox, düşmənçilik deyərdim. Sanki keçmişə nifrət var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.