Sumqayıtda 100-ə yaxın təhsil işçisi küçədə qaldı: ŞİKAYƏT

10-10-2015, 12:22           
Sumqayıtda 100-ə yaxın təhsil işçisi küçədə qaldı: ŞİKAYƏT
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının işsiz qalan bir qrup kollektivi Prezident Adminstrasiyasına, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Ombudsman Elmira Süleymanovaya və Sumqayıt şəhər icra hakimiyyətinni başçısı Zakir Fərəcova məktubla müraciət ediblər.

Məktubda bildirilir ki, AMİ Sumqayıt filialı ləğv edildikdən sonra, Prezident İlham Əliyevin sərəncamı yerinə yetirilməyib. Prezidentin sərəncamına əsasən filialın bütün maddi-texniki bazası, professor-müəllim heyəti, inzibati işçiləri Sumqayıt Dövlət Univeristetinə birləşdirilməli idi. Bu barədə KİV-ə müsahibə verən Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov da bildirmişdi ki, AMİ Sumqayıt filialının işçiləri prezidentin sərəncamına müvafiq qaydada işlə təmin ediləcəklər.

Təhsil Naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində Sumqayıt təhsil işçiləri və vətəndaşları ilə görüşündə qeyd edib ki, filialın ləğv edilməsi millət vəkili, Müəllimlər İnstitunun direktoru Aqiyə Naxçıvanlının arzusu ilə həyata keçirilib. Görüşdə SDU rektoru Elxan Hüseynov da iştirak edib. Təhsil naziri filial işçilərinin şikayətlərinə etinasız yanaşıb. Onlara "Əlinizdə diplomunuz var. Hamınız da ali təhsillisiniz. Gedin özünüzə iş tapın” kimi tövsiyə də verib. Bundan sonra Sumqayıt Dövlət Universitetinin rəhbərliyi filialın köçürülməsi prosesini öz daxili qanunları ilə həyata keçirib. Əvvəlcə işçilərə göstəriş verilib ki, SDU-ya öz CV-lərini təqdim etsinlər. Sonra da bildiriblər ki, imtahan ediləcəklər.

İmtahana analıq məzuniyyətində olanlar buraxılmayıblar. Məktubda o da qeyd edilir ki, texniki işçilərin kadr seçimində kompüter proqramlarını mükəmməl bilən, ingilis və rus dillərində səlis danışıq qabiliyyəti olan magistr təhsillilərə üstünlük verəcəyik kimi şərtlər qoyulub. SDU rəhbərliyi dəfələrlə qeyd edib ki, bura universitetdir. Burada yalnız elmlər namizədi, elmlər doktorları işləyə bilər. Aparılan imtahanın nəticələrindən sonra 75 nəfər müəllim və texniki işçi işə qəbul edilib. Ən maraqlısıda odur ki, attestasiyadan keçsə də işə qəbul edilməyənlərlə yanaşı, imtahandan kafi nəticə göstərdiyi halda, işə qəbul edilənlər də olub. Hətta, onların arasında orta təhsillilərə də təsadüf edilib. SDU rəhbərliyi işə qəbul etdiyi kadrların demək olar ki, böyük əksəriyyətini öz ixtisasına uyğun olmayan vəzifələrdə yerləşdirib. İşə götürülən kadrların əksəriyyəti onların tələb etdiyi kriteriyalara cavab vermir. Daha çox ən zəif kadrlar işlə təmin edilib.Ən savadlı kadrlar əksəriyyəti işlə təmin edilməyib. SDU rəhbərliyinin kadr seçiminə narazılıq edənlərə belə cavab verilib:"Hara istəyirsiniz, gedin şikayət edin. Lap Təhsil nazirliyinə qedin”.

Təhsil nazirliyi edilən şikayətlərə cavab vermir. Hazırda filialın 100-ə yaxın işçisi işsiz qalıb. Onların arasında ailə başçısini itirmiş, aztəminatlı ailələr, işsiz qalan gənc kadrlar, ailəsində yataq xəstəsi olanlar da var.

Məktubda ittiham edilən Təhsil nazirliyi və SDU rəhbərliyinə müraciət etdik. Təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, şikayət məktubunu nazirliyin elektron ünvanına göndərin: "Oxuyub, araşdırıb sizə bir açıqlama verərik.”
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov isə heç bir zəngimizə cavab vermədi. Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və texnologiyalar üzrə prorektoru Natiq Talıbovla da bağlantı yaratmaq cəhdimiz baş tutmadı. Prorektorun katibəsi kim olduğumuz haqda bilgi əldə etdikdən sonra bildirdi ki, 5 dəqiqədən sonra zəng edin. Amma sonrakı zəngimizdə bizə başqa şöbənin telefon nömrəsini verib, səhv zəng etmisiniz, bu nömrə ilə əlaqə saxlayın dedi. Prorektor N.Talıbov bizimlə oyun oynamaq əvəzinə ittihamlara açıqlama vermədiyinə görə verəcək bir cavabı olmadığını sübut etdi.

Ümid edirik ki, əlaqədar təşkilatlar tez bir zamanda məktubu cavabsız buraxmayacaq, məmur özbaşınalıqlarının qarşısını almaq üçün xüsusi tədbir görəcəklər. Yoxsa məmurlar vəzifə borclarını unudub özlərini rəhbərlik etdikləri təşkilatın sahibi kimi aparmaqda davam edəcəklər. Görəsən Təhsil Nazirliyi və SDU rəhbərliyi sərəncamı necə yerinə yetirdikləri barədə Prezident qarşısında nə məruzə edəcəklər?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.