Sel kimi xalqın üstündən keçən Adil Əliyevin qarşısına kötük fırladan olacaqmı? - ŞİKAYƏT VAR
12-10-2015, 10:31
Sabunçu rayonunun icra başçısı Adil Vəliyev şəxsi biznesindən ötrü vətəndaşların mülkiyyət hüququnu pozur. Bakı şəhəri Bakıxanov qəsəbəsinin sakinləri Meri Mustafayeva və Müşfiq Məhərrəmov İstiqlal.az-a müraciət edərək bildiriblər ki, Adil Vəliyev onların mülkiyyətini ələ keçirmək istəyir.
Meri Mustafayevanın sözlərinə görə, icra başçısı onların yaşadığı Gənclik 130 ünvanında həmin ərazidə hündürmərtəbəli bina inşa etdirir."Bu bina bizim başımıza bəla olub. Gəlib evlərimizi əlimizdən alır ki, söküb yerində bina tiksin",-deyə Meri Mustafayeva bildirib. Şikayətçi deyib ki, onlar Adil Vəliyevin təklifi ilə razılaşmadıqları üçün icra başçısının qəzəbinə gəliblər: "Bizim mənzilə kompensasiya az verirlər. Bundan başqa yaşayış sahəsi 100 kv.metrdən artıq olduğu halda bizə 75 kv.metrin pulunu vermək istəyirlər. Hələ həyətdə obyektimiz də var idi. Onu da nəzərə almırlar".
Meri Mustafayevanın sözlərinə görə, icra başçısı təklifinin qəbul edilmədyini görüb mənzillərinin qaz, su və elektrik enerjisini kəsib: "Bir ildir ki, biz dözülməz şəraitdə yaşayırıq. Təsəvvür edin, binanın damını söküb, qəzalı vəziyyətə salıb sonra da bizi məhkəməyə verib. Guya bina qəzalı olduğuna bizi köçürməlidirlər. Amma yenə də deyirəm ki, binanı o vəziyyətə özü salıb".
Şikayətçi deyir ki, məsələ ilə bağlı prezidentə və müvafiq qurumlara müraciət ediblər. Lakin bir nəticəsi yoxdur.