YAP töhmətli namizədə niyə stavka edib? - Ağsuda
14-10-2015, 13:19
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əliyunis Mütəllimovun maraqlı keçmişi var. Elə haqqında deyilənlər də sadə məsələlərdən ibarət deyil.
JAM.AZ xəbər verir ki, Əliyunis Mütəllimov uzun müddət Ağsuda vəzifə sahibi olub. Təbii ki, ona bu imkanın tanınmasının səbəbkarı rayonun icra başçısı Ənvər Seyidəliyevdir. Çünki o, öz qohumu heç də özündən uzaq tutmaq istəyən biri deyil. Elə bu səbəbdəndir ki, Ağsuda bütün vəzifələrdə Səlim Müslümovla dayısı Ənvər müəllimin qohumlarıdır.
Əliyunis Mütəllimov da Müslümov və Seyidəliyevin yaxın adamı və qohumu kimi tanınır. Amma bundan da vacib olan bir məqam odur ki, Ağsu Sosial Müdafiə Mərkəzində (ƏSMM) direktor kimi çalışan bu şəxs daha çox Ənvər Seyidəliyevin “qara kassası” kimi ad çıxarıb. Onun əsas işinin rayonda xərac yığaraq, başçıya çatdırmaq olduğunu deyirlər.
JAM.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, 87 saylı Ağsu-İsmayıllı dairəsindən namizəd olmuş sözügedən şəxsin DSMF-yə müdir olana qədər işlədiyi sahədə qalmaqalı yaşanıb. Belə ki, bir müddət Ağsu sakini, ikinci qrup əlil Şənlik Hüseynov mətbuata müraciət edərək, üzləşdiyi problem barəsində danışmışdı. O vurğulamışdı ki, Ağsu Sosial Müdafiə Mərkəzinin direktoru Əliyunus Mütəllimov tərəfindən təhdid edilir. Hətta onu ölümlə hədələyirlər.
İlk baxışdan bunun bir qədər şişirdilmiş fikir olduğu qəbul edilsə də, Mütəllimovun BTV-yə verdiyi açıqlamasında işlətdiyi ifadə əlilin dediklərini təsdiqlədi. Çünki Ağsu SMM-in direktoru açıqlamasında bəyan etmişdi ki, həqiqətən də o, Şənlik Hüseynovu öldürmək üçün axtarır. Hərçənd sonradan fikirlərinin təhrif oldunduğunu deyən mərkəz direktoru bununla vəziyyətdən çıxmağa çalışsa da, alınmayıb. Ona görə ki, söz artıq rəsmi mövqe olaraq yayımlanıb və ortada səs yazısı da var.
Qeyd edək ki, yaranmış qalmaqala nazir Səlim Müslümov da qarışmalı olub. Ona görə ki, Mütəllimov onun kadrı idi və kadrının da insanlarla təhdid dilində danışması işinə yaramırdı. Xüsusən də yenicə təyin olunmuş nazir üçün bu heç də uğurlu tapıntı deyildi. O zaman bərk qəzəbli olan nazir Əliyunis Mütəllimova töhmət verərək, işdən çıxarmışdı. Lakin sonradan müəmmalı şəkildə YAP-ın namizədi olmaqla yanaşı, həm də Ağsu DSMF-yə müdir təyinatı aldı. Görünür, Ağsunun icra başçısı Ənvər Seyidəliyev “kassiri”ni itirmək istəməyib. Onun YAP-ın namizədi siyahısına salmaqla isə Mütəllimovun bundan sonrakı karyerasına təkan vermək olub.
Məsələ ilə bağlı adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.