“Cinayət yolu ilə əldə edilmiş pullarla” mübarizə Vergilər Nazirliyinə tapşırıldı

31-05-2019, 09:56           
“Cinayət yolu ilə əldə edilmiş pullarla” mübarizə Vergilər Nazirliyinə tapşırıldı
Hüquqşünas: “Düşünürəm ki, bu mərkəz, nəhayət, işləməyə başlayacaq”
Prezident İlham Əliyev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin (MMM) həmin nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməlidir. Layihələri hazırlayarkən nazirlik cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunmasını təmin etməlidir.

Prezidentin sərəncamını şərh edən hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, beynəlxalq təcrübədə çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğul olan qurumların müstəqil fəaliyyət göstərməsi praktikası daha geniş yayılıb: “Bildiyiniz kimi, Azərbaycanda Maliyyə Monitorinqi Xidməti əvvəlcə Mərkəzi Bankın nəzdində, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərib.

Səhv etmirəmsə, ötən ilin may ayında prezidentin fərmanı ilə ona müstəqillik verilib. Lakin ötən müddət ərzində mərkəzə rəhbərlik təyin olunmadı. Dünyada praktika belədir ki, belə qurumlar gərək müstəqil olsun. Buna görə də beynəlxalq təşkilatlar Mərkəz Palatanın tərkibinə veriləndə bundan narazı qalmışdılar. İndi də daha yaxşısı bu olardı ki, Maliyyə Monitorinqi Mərkəzi Vergilər Nazirliyinin tərkibində deyil, nəzdində fəaliyyət göstərsin”.

Hüquqşünasın fikrincə, MMM-in Vergilər Nazirliyi tərkibində fəaliyyət göstərməsi onun fəaliyyətində müsbət dönüş yarada bilər: “Etiraf edək ki, indiyədək bu qurumun real fəaliyyəti demək olar ki, olmayıb. Çirkli pulların yuyulması, yaxud terrorçuluğun maliyyələşdirilməsinə görə Azərbaycanda kimi məsuliyyətə cəlb ediblər? Belə fəaliyyət yoxdur bizdə? Əlbəttə, var. Dünyanın ən inkişaf etmiş ölkələrində belə var və hər il nə qədər insan bu fəaliyyətə görə məsuliyyətə cəlb olunur. Buna görə də Maliyyə Monitorinqi Mərkəzinin fəaliyyətində effektivliyin artırılmasına böyük ehtiyac var. Düşünürəm ki, mərkəzin Vergilər Nazirliyinin tabeliyinə verilməsi bu sahədə müsbət irəliləyişə səbəb olacaq. Çünki Vergilər Nazirliyi bu gün yeganə qurumdur ki, həqiqətən də çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaqda maraqlıdır. Bundan əvvəl mərkəzin tabe olduğu qurumların ikisi də bankların maraqlarını üstün tuturdular. Hazırda Vergilər Nazirliyi ölkədə ən şəffaf qurumlardan biridir, kölgə iqtisadiyyatına qarşı mübarizənin önündə gedir. Bu baxımdan, düşünürəm ki, Maliyyə Monitorinqi Mərkəzi, nəhayət ki, işləməyə başlayacaq. Sadəcə, Vergilər Nazirliyi mərkəzin səlahiyyətlərini elə müəyyənləşdirməlidir ki, beynəlxalq təşkilatlarla hər hansı problem yaranmasın”.

DÜNYA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.