Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

30-08-2019, 22:59           
Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..
Yeni qanunda Məhərrəmlik aylarında verilən ehsanlar caiz hesab olunacaq, yoxsa Məhərrəmlik ehsanları da qanundan kənar elan olunacaq?..

Azər Qaramanlı yazır...

Milli Məclidin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yas mərasimlərində yemək verilməsi qanunla qadağan olunacaq. Bəzi adamlar düşünməsin ki, mən bu yazını yazarkən bu qadağanın tətbiqinə qarşı çıxıram. Sadəcə deyirəm ki, yazılmaqda olan qanunu hər tərəfli böyür-başını doldurub mükəmməl hala salmaq lazımdır.

Əvvəla onu qeyd edim ki, hörmətli deputatımız qanunla bağlı açıqlama verərkən başqa mətləblərə də toxunub. Misal üçün Siyavuş müəllim “Azərbaycan” qəzetinin son səhifəsində bir palaz baş sağlığı verilməsinə də qarşı çıxıb və qeyd edib ki, qanun rəsmi dövlət qəzetinin son səhifəsinin “baş sağlığı palazına” çevrilməsini də yasaqlayacaq. Təbii ki, Siyavuş Novruzovun bu bəyanı digər deputatımız, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqğovun heç xoşuna gəlməyib. Bəxtiyar Sadıqovun fikrincə əgər ölkəmizdə reklam bazarı yoxdursa, onda “Azərbaycan” qəzetinin son səhifəsinin “baş sağlığı palazına” çevrilməsi də təbii haldır. Biz əslində Bəxtiyar müəllimin bu etirazını başa düşürük. Bir ölkənin mətbuatında reklam bazarı yoxdursa, onda bir rəsmi qəzetin də son səhifəsinin baş sağlığı bazarına çevrilməsi ən normal təbii hadisə kimi qarşılanmalıdır.

Baş sağlığı öz yerində... Siyavuş müəllimin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri kimi hazırladığı yeni qanun layihəsində bir çox çatışmamazlıqlar da var. Buna boşluqlar da demək olar. Misal üçün, qanun layihəsində Məhərrəmlik aylarında veilən ehsanlar caiz hesab olunur, yoxsa Məhərrəmlik ehsanları da qanundan kənar elan olunacaq? Şəxsən mənim üçün bu sualın cavabı çox önəmlidir. Əgər hörmətli şeyximiz başda olmaqla qanunu hazırlayanlar çığırtma-plovlu Məhərrəmlik ehsanlarını caiz hesab edirlərsə, onda niyə Məmmədin öz atası üçün ətli-plovlu ehsan verməsi qanunən yasaqlansın? Bunun şəritən, ya da qeyri şəriətən bir açıqlaması varmı?

Məmmədin atası üçün verdiyi ətli-plovlu ehsanı da qoyaq bir kənara. Bəs bu pirlərdə, ziyarətgahlarda, məscidlərin yol üstü qutularında yığılan nəzirlər nə olacaq. Onlar da ehsan deyilmi? Məncə, o nəzir və ianələrin də adı ehsandır. Bəs bu qucaq-qucaq yığılan ehsanların aqibəti nə olacaq? Nəzir edib verdiyimiz bu ehsanlar yenə də kitabsız, dəftərsiz və də istiqamətsiz harasa yoxa çıxmaqda davam edəcək?

Niyə Siyavuş müəllim bu nəzir ehsanlar barədə yazdığı qanuna yığılan və istiqaməti bilinməyən səmtlərdə yoxa çıxan nəzir-ehsanlar barədə bir kəlmə də yazmayıb? Bu unutqanlıqdırmı? Əgər unutqanlıqdırsa, nəzir-ehsanları qanuna salmağı kim unudub? Siyavuş müəllim, yoxsa hörmətli Allahşükür müəllim? Bu sualın da cavabı aktualdır. Deyə bilərsiniz ki, qanunda nəzir-ehsanlar barədə nə yazacaqlar? Misal üçün qanunda yaza bilərlər ki, ziyarətgahlarda, pirlərdə, məscid və digər dini sitayiş obyektlərində toplanan ehsanlar xəstəxanalara, uşaq və qocalar evlərinə, anadan əlil doğulan üçün uşaq evlərinə sərf olunmasını, kasıblar üçün təhsil ocaqlarına sərf olunması caizdir. Ya da ümumiyyətlə yaza bilərlər ki, vacibatdır.

Məncə, qanuna bunu yazmaq vacib əməllərdən hesab olunmalıdır və o zaman millətin Rəhmli və Mehriban Allah adına verdiyi ehsanlar da öz nəhayət məqsədinə çatmış olar və bu bütün insanları və müsəlmanları sevindirər. Necə ki, xristian kilsələri, buddist məbədləri və s. dinlərin ibadətgahları topladıqları ianələri bu yolla sərf edərək həm millətin, həm də özlərinin savab sahib olmalarını təmin etdikləri kimi, həm də ehtiyacları olanların ehtiyaclarının təmin olunmasına vəsilə olurlar.

Bizimkilər o savaba sahib olmaq istəmədikləri kimi, millətin də savab sahibi olmasına çəpər olduqlarına görə Siyavuş müəllimin qanununa bu maddənin salınmasına xüsusi ehtiyac duyulur. Həm millətin işlədiyi savablar özünə qayıdacaq, həm də ehtiyacları olanların ehtiyaclarının təmin olunmasına qanunla vəsilə olacaqlar...

Azər QARAMANLI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.