Keçmiş MTN zabiti DYP-ni və Gömrük Komitəsini faş etdi

31-08-2019, 16:55           
Keçmiş MTN zabiti DYP-ni və Gömrük Komitəsini faş etdi
İlham İsmayıl: "Çək-çevir və tam alverçi xisləti ilə yol polisi əməkdaşları bizdən 400 manat aldılar və qəbz vermədilər"

Onun dedikləri Baş Dövlət Yol Polisi İdarəsinin və Gömrük Komitəsinin korrupsiya ocağı olduğunu sübut edir

Baş Dövlət Yol Polisi İdarəsi ilə bağlı dəfələrlə bir sıra mətbuat orqanlarında, o cümlədən “Hürriyyət” qəzetində tənqidi yazılar dərc olunmasına baxmayaraq, cəmiyyətdə yetərincə tanınan keçmiş MTN zabiti İlham İsmayılın 2 gün öncə avtomobilini satdığı adamın adına keçirən zaman sözügedən idarədə üzləşdiyi məqam hələ də tənqidlərdən nəticə çıxarılmadığını ortaya qoyur. Belə ki, İlham İsmayıl “feysbuk” hesabında yazır:

“İş tələsik olduğundan 300 manat pulu yenidən ödədik”

“16 ildir ki, bir köhnə maşın sürürəm, xərci borcundan çox olduğu üçün satmağı qərara aldım. Xaricə getdiyim üçün işləri tələsik görmək lazım idi. Maşınları başqa ada keçirən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi iki irad bildirdi. Adınıza 2014 cü ildə (?) 300 manat cərimə var, onu ödəməlisiniz. Mən bu cəriməni məhkəmənin qərarı ilə olduğunu və elə o vaxt da ödədiyimi bildirsəm də razılaşmadılar. Qərarı verən Yasamal Rayon Məhkəməsinə və icra müfəttişliyinə müraciət etdim. Mənimlə razılaşıb cəriməni ödədiyimi təsdiq etdilər və müvafiq məktub verdilər. Məktub tələsik yol polisinə çatdırıldı. Yol polisi məktubdan dilxor olsa da, fikrindən dönmədi. Dedilər ki, məhkəmə konkret hansı cəriməni ödədiyinizi göstərmədiyi üçün sənədləri başqasının adına verə bilmərik. Nə edək? İş tələsik olduğundan 300 manat pulu yenidən ödədik. Qəbz istədik, hörmətli Ramiz Zeynalovun tabeliyindəki işçilər qəbz verməkdən imtina etdilər. Burda Ədliyyə Nazirliyi Yasamal Rayon Məhkəməsinin icra şöbəsinin verdiyi məktubun uyğun olmadığını hələ icra məmurunun otağında bildirsək də, məmur “uzağı 50 manat verin, həll etsinlər” demişdi. Bu, Ədliyyə Nazirliyi ilə yol polisi arasında danışılmış bir kombinasiyadır. Avtomobili alan şəxsi narazı salmamaq üçün məmurların bütün qanunsuz tələblərini yerinə yetirmək məcburiyyətində qalırdıq”.

“Polisi əməkdaşları bizdən 400 manat aldılar və heç bir qəbz vermədilər”

İ.İsmayılın sözlərinə görə, iş bununla bitməyib: “16 ilin maşınının mühərriki tam sıradan çıxdığından 2017-ci ildə mühərriki tamam dəyişməli olmuşduq. Belə situasiyada qanunla dövlətə 75 manat ödənilir və texniki pasportda yeni mühərrikin nömrələri yazılır. Yol polisi işçiləri burda da dirəndilər. 500 manat verin indi yazaq, dedilər. Çək-çevir və tam alverçi xisləti ilə yol polisi əməkdaşları bizdən 400 manat aldılar və heç bir qəbz vermədilər. Maraqlı orası idi ki, qiymətin üstündə mübahisə edəndə polis işçiləri bu pulun onlara aid olmadığını “yuxarılara” çatacağını tez-tez təkralayırdılar. Bu “yuxarılar” haradır? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi? Bəlkə onu nəzərdə tuturlar? Ya ondan da yuxarı səlahiyyətliləri? Pul kimə çatır, cənablar? Gələn dəfə yəqin ki, açıqlayası olacam”.

"Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi birləşib məndən 700 manat pul "oğurladılar""

“Qərəz, 6 il idarə etdiyim və çox pis vəziyyətdə olan 2003-cü il istehsalı, BMW 525, 90- MX- 357 dövlət qeydiyyat nişanlı avtomobilimi başqa ada keçirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi birləşib məndən 700 manat pul ”oğurladılar”. Bəli, məhz Şedrinin dediyi kimi “oğurladılar”. Axı, bir cərimə üçün niyə iki dəfə pul ödəməlyəm? Biri oğurlandı”,-deyə keçmiş MTN zabiti əlavə edib. İ.İsmayılın problemi bununla da bitməyib: “Fikirləşirdim ki, satdığım avtomobilin puluna Hollandiyadan gətirilmiş 10 illik bir maşını gömrük qeydiyyatından keçirib, nəhayət qismən maşınımı təzələyə bilərəm (10 yaşı olsa da). Gömrük Komitəsinin internet sistemində gömrük qiymətləri ilə tanış olub, “Meyvəli” deyilən yerə yollandım. İnternetdəki qanunlara görə bu avtomobilə Azərbaycanda 7000 manat gömrük rüsumu ödənməli idi. Bu yerin aurası ümumiyyətlə tam bazarı xatırladır. Bürokratiya həddən aşmış səviyyədədir. Bu öz yerində, avtomobilin sənədləri ilə tanış olub, gömrük işçisi özlərinin dediyi kimi mənə “qiymət oxudular”-10135 manat. “Mübahisə yersizdir, sistem belədir, hara istəyirsiz deyin”-deyib söhbətə qəti yekun vuruldu”.

“Vətəndaşın pulunu oğurlayırlar”

“Mən xaricə səfər etdiyimdən avtomobil üçün “Etibarnamə”ni yaxın qohumun adına rəsmiləşdirib səfərə getməyə məcbur oldum. “Oğurlayırlar”, burda da mənim-vətəndaşın pulunu oğurlayırlar”,-deyə keçmiş MTN zabiti qeyd edib. İ.İmayılın fikrincə, Ədliyyə Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərləri üçün 700 manat, Gömrük Komitəsinin rəhbəri üçün də 3135 manat önəmli rəqəmlər deyil, heç bir qadın çantasının pulu da etmir: “Amma mənim üçün gözlərimin nurunun itdiyi, başımın ağrıdığı səhifələrlə etdiyim tərcümələrdən əldə etdiyim gəlirdir. O tərcümə ki, dövlət nə vaxtsa istifadə edəcək. Avropa Şurasının qəbul etdiyi sənədlər, Avropa İnsan haqları Konvensiyasının qətnamələri... siz belə şeyləri bilməzsiniz, cənablar. Sizin heç “Konvensiya” sözünü də sonadək dərk etməyiniz şübhə yaradır”.

“Kimə kimdən şikayət edirəm axı?”

“Mən bu qanunsuzluq haqqında məhkəməyə müraciət etmək istəyirdim. Amma hələ tərəddüd edirəm, kimə kimdən şikayət edirəm axı? Xaricdən qayıdandan sonra bəlkə də üfüqdə Avropa Məhkəməsini fikirləşib addımlar atası olduq. Ya da “Qraf Monte Kristo” restoranında Dümanın qəhrəmanları kimi “ədalətin bərpası qisasdan keçir” mövzusunda diskussiya açdıq”,-keçmiş MTN zabiti vurğulayıb.

Ramiz Zeynalovun tabeliyindəki işçilərin İlham İsmayıla ödədiyi pula görə qəbz verməkdən imtina etmələri onu göstərir ki, DYP haqq nədir bilmir

Göründüyü kimi, İ.İsmayıl çəkinmədən faktları ictimaiyyətlə bölüşüb. Bu faktlar həm Baş Dövlət Yol Polisi İdarəsinin, həm də Gömrük Komitəsinin korrupsiya ocağı olduğunu sübut edir. İ.İsmayıl 300 manat cəriməni ödədiyi halda təkrar 300 manat ödəməsi insan haqqlarının kobud şəkildə pozulmasıdır. Necə ki, Baş Dövlət Yol Polisi İdarəsi iyulun 20-dən 28-nə kimi davam edən “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində qanunsuz sarı zolaq qadağasının qüvvəyə mindiyini açıqlamışdı və sürücüləri cərimələmişdi. “Hürriyyət” olaraq biz bu qanunsuzluğu qurumun sözçüsü Vaqif Əsədovun diqqətinə çatdıranda isə bizi ajiotaj yaratmaqda ittiham etmişdi. Bundan sonra isə sözügedən qurum “humanizm” göstərərək cərimə olunan sürücüləri bağışladığını bəyan etdi. Halbuki, bu cərimələr qanunsuz olduğu kimi, qanunsuz da bağışlandı. Çünki qanuni olsaydı, məntiqlə cərimələrin bağışlanması da qanunla icra olunmalıydı.

Çox güman ki, “Hürriyyət”in məsələni ictimailəşdirməsindən sonra sarı zolağa girənlərin çoxunun çərimə olunmaması və cərim olunanların isə bağışlanması Baş Dövlət Yol Polisi İdarəsində kimlərinsə pul kisəsinin azalmasına səbəb oldu. Elə bu buna görə də DYP “Hürriyyət”i məhkəməyə verdi, amma haqq nazilər üzülməz. Çünki biz haqqın yanındayıq. Hörmətli Ramiz Zeynalovun tabeliyindəki işçilərin İ.İsmayıla ödədiyi pula görə qəbz verməkdən imtina etmələri isə onu göstərir ki, DYP haqq nədir bilmir. Elə ona görə də İ.İsmayıldan ödənilən pula görə 300 manat əlavə pul alır. Hətta yeni mühərriki texpasporta qeyd etməyə görə dövlətə 75 manat ödəməli olduğu halda, keçmiş MTN zabitinə heç bir qəbz vermədən 400 manat alıblar. Görün, bu qurumda rüşvət, korrupsiya hansı həddədir ki, cəmiyyətdə sözünü deyə bilən İ.İsmayıldan çəkinmədən 700 manat rüşvət alıblar. Deməli, adi vətəndaşların vay halına! Bu cür qurumlar hansısa mətbuat orqanını, o cümlədən uzun illər mətbuat cameəsində tanınan “Hürriyyət”i nəinki məhkəməyə vermək, gərək, onlar heç səslərini çıxartmayaydılar, azacıq da olsa ayıblarına kor olaydılar.

İ.İsmayıla “Meyvəli” gömrük terminalında qiymət oxunmasına gəlincə isə onun rastlaşdığı mənzərə, yəni almaq istədiyi avtomobilə görə 7000 min manat gömrük rüsumu ödəməli halda 10135 manat “qiymət oxunması” yeni deyil. Halbuki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev postuna əyləşdikdən bir qədər sonra komitədə ciddi islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılacağını bəyan etmişdi. Əslində, köhnə bir avtomobilə görə 7000 min manat gömrük rüsumu belə həddindən artıq şişmiş bir rəqəmdir. Buna rəğmən, “Meyvəli” gömrük terminalında İ.İsmayıla 10135 manat “qiymət oxunur”. Hələ üstəlik “Mübahisə yersizdir, sistem belədir, hara istəyirsiz deyin”,- deyilir. Əslində, bu vəziyyət tək “Meyvəli” gömrük terminalında deyil, bütün gömrük sistemindədir. Çünki gömrük terminallarını keçən, xaricdən avtomobil alan vətəndaşlar bu barədə hər zaman söyləyirlər.

Yeri gəlmişkən, deyilənlərə görə, Dövlət Gömrük Komitəsinin - Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubov rəhbərlik etdiyi üçün Dövlət Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat edən digər problemlərə görə Səfər Mehdiyevə “gözün üstə qaşın var” deyən yoxdur.

“Hürriyyət”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.