Azərbaycan itirir – Koronovirusun iqtisadiyyata təsiri hər gün hiss olunur

2-02-2020, 19:38           
Azərbaycan itirir – Koronovirusun iqtisadiyyata təsiri hər gün hiss olunur
Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 770 min barreldir. Bundan təxminən 650 min barreli ixrac edilir. Bu isə o deməkdir ki, qlobal bazarlarda neftin qiymətinin 1 dolları/barrel ucuzlaşması halında Azərbaycanın neft ixracından gəlirləri 650 min ABŞ dollar azalır.

Koronavirusun təsiri ilə yanvarın 20-dən etibarən neftin qiyməti davamlı aşağı düşür. Beləki, ötən 12 gün ərzində bir barrel brent markalı neftin qiyməti 12 faiz yaxud 7.75 ABŞ dolları ucuzşlaşıb. Bu isə o deməkdir ki, hazırki qiymətlərlə Azərbaycanın neftin ixracında daxilolmalar üzrə gündəlik itkiləri 5 milyon dollara yüksəlib.

Virusun qısa zaman ərzində neytrallaşdırılmasının mümkün olmaması halında global iqtisadi effektləri ilə bağlı proqnozlar çox bədbindir. Hətta bir sıra beynəlxalq reytinq agentlikləri artıq potensial riskləri 2008-ci ilin qlobal maliyyə böhranı ilə müqayisə etməyə başlayıblar. Bəzi pessimist senarilərə görə, neft 40 ABŞ dollarına qədər ucuzlaşa bilər. Bu halda Azərbaycanın gündəlik itkiləri 17 milyon dollara yüksələ bilər. Bu isə mal və xidmətlərin idxalı üçün Azərbaycana lazım olan xarici valyutanın 57 faizinə bərabərdir. Qeyd edək ki, monetar qızıl idxalını nəzərə almasaq, hazırda bir günlük idxal üçün orta hesabla 30 milyon dollar ekvivalentində xarici valyuta lazımdır.

Mərkəzi Bank hesab edir ki: “Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır”. Amma məncə bu, belə deyil və təcili qərarların qəbul edilməsi üçün ciddi əsaslar yaranmaqdadır. İlk olaraq idxalın azaldılması istiqamətində hərəkətə keçmək lazımdır. Bunun üçün xüsusi ilə 2017-ci ildə olduğu kimi dövlət vəsaitləri hesabına idxal məhdudlaşdırılmalıdır. Çünki son 2 ildə bu seqment üzrə idxal sürətlə artır. İkincisi isə banklarda açıq valyuta mövqeyinə tələblər sərtləşdirilə və nəzarət artırıla bilər. 2015-ci ildə mühüm problemlərdən biri də bu idi. Üçüncüsü, son illər neft və qeyri-neft sektorunda xarici investisiya qoyuluşlarının azalması məsələsi müzakirə edilməli, problemin aradan qaldırılması istiqamətində dövlət zəmanətinin gücləndirilməsi, məhkəmə sisteminin islahatı və s. istiqamətlərdə təcili tədbirlər görülməlidir. Repartriasiyanın sürətləndiyi bir dövrdə bu cari vəziyyət tədiyyə balansında neqativ təzyiqləri daha da gücləndirir. Dördüncüsü, turizm sahəsində təcili qərarlar qəbul edilməli, gəlmə turizmində sürətli inkişaf təmin edilməlidir. Çünki bu sektor neft-qaz seqmentindən sonra ölkəyə valyuta gətirən ikinci ən böyük sektordur.
Təəssüf ki, ötən 4 il ərzində iqtisadiyyatın şaxələndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində qəbul edilən bu qədər qərarların, təsdiqlənən dövlət proqramlarının, yaradılan yeni mexanizmlərin real iqtisadiyyata transformasiyası çox zəif oldu…..Yenə də bütün mənalarda xarici fluktasiyalara açığıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.