Ət bazarında virus narahatlığı? - “Azərbaycana antilop əti gətirilir”
8-02-2020, 19:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edib.
Bildirilir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl Agentlik və ya onun regional bölmələri vasitəsilə sözügedən məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alınmalıdır.
Heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda, baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür. Məlumata görə, dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçib. Həmçinin koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur. Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda, baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, qida məhsulları üzrə ət idxalı birinci yerdə dayanır:
“İdxalda əsasən qırmızı və ağ ət qrupundan olan yeyinti məhsulları üstünlük təşkil edir. Ümumiyyətlə, ildən ilə ölkədə ətə olan tələbat artır. Son bir ayda Çində yayılmış və yüzlərlə insanın ölümünə səbəb olan epidemiya ilə dünya ölkələrində də bir təlatüm meydana gəlib. Zoonouz- yəni heyvandan insana keçən bir sıra virus və bakteriya mənşəli xəstəliklər var. Bu xəstəliklər insanların sağlamlığı üçün çox təhlükəlidir. Bəzi ətdən yayılan xəstəliklər var ki, virus olaraq insanların qaraciyərinə düşür nəticədə orqanda bərkləşmə gedir. Bu virus qaraciyər çatışmazlığına qədər gedib çıxır. Əhali bilməlidir ki, zoonouz mənşəli xəstəliklər çox müxtəlifdir. İlk növbədə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Hər bir insan bu istiqamətdə diqqətini və tələbkarlığını artırmalıdır. Azərbaycanda illik ət istehsalı 340-360 min ton civarındadır. Yerli istehsal əhalinin 90 faiz təmin olunmasına imkan verir. Yalnız ölkəyə gətirilən ətlər əsasən emal sənayesinə, yəni kolbasa, dönərxanalar və bir sıra ucuz məhsul təklif edən iaşə obyektlərinə verilir. Bu gün əhaliyə 1 manata dönər satılır və deyilənə görə, tərkibi 100 faiz ətdir. Amma bunu bazardakı ət qiymətləri ilə müqayisə etdikdə burada şübhəli məqamlar ortaya çıxır. Həmin dönərlərin tərkibinə vurulan ətlərin mal, qoyun və yaxud da toyuq olması şübhəlidir. Həmin dondurulumuş ətlər Azərbaycana çox uzaq ölkələrdən gətirilir. Kəsilib soyuduculara yığılan bu cür ətləri uzun illər saxlamaq mümkündür. Bu ətlər gətirilən ölkənin təbiətində daha çox yayılmış heyvan ətləridir. Çox güman ki, idxal olunan dondurulmuş ətlər antilopa və digər mənşəli heyvanlara aiddir. Çünki mal, qoyun və toyuq ətlərinin maya dəyəri bu qədər ucuz başa gəlmir ki, bundan da 1-1.50 AZN-ə dönər hazırlanıb əhaliyə satılsın. Bu barədə insanlar özləri düşünməlidir, sağlamlıqlarının qeydinə qalmalıdır”.
AQTA niyə narahatdır?
Ekspert bildirib ki, Azərbaycana il ərzində müxtəlif istiqamətlər üzrə ətlər daxil olur:
“Azərbaycana təxminən 7-8 ölkədən emal sənayesi üçün ət idxalı olur. Hələ biz elə bir faktla rastlaşmamışıq ki, kimsə gedib Rusiya, İran kimi yaxın ölkələrdən heyvan gətirib onu gözümüzün önündə kəssin və insanlar onu ət şəkilində alsın. Azərbaycanda ətə qarşı çox həssaslıq var, əhali gözlərinin qarşısında kəsilməyən əti heç vaxt alıb yeməz. Ona görə də bu ətlər yalnız iaşə obyektləri və kolbasa-sosiska sənayesi üçün idxal olunan dondurulmuş ət qrupudur. Doğrudur, Azərbaycana dondurulmuş şəkildə toyuq əti də gəlir və bu, insanlara birbaşa satılır. Bu da bizim quşçuluq sənayesi üçün daxili bazarda kifayət qədər rəqabət mühiti yaradır. Türkiyədə, Braziliyada quşçuluq sənayeləşib və kütləvi istehsal var. Bu ölkələrdə məhsulun maya dəyəri ucuz başa gəlir, həmin məhsullar bizim bazara girəndə ölkəmizdə tam sənayeləşməmiş yerli quşçuluq sənayesi üçün problem yaradır. Bu mənada AQTA-nin müraciətində əsas var. İstisna etməməliyik ki, o ətlərin çoxu ölkəyə gizli şəkildə gətirilir. Böyük ehtimalla İrandan, Rusiyadan, Gürcüstandan və digər ölkələrdən ət şəkilində Azərbaycana gizli gətirilir. Bu ətlərlə bərabər ölkəmizə xəstəliklər də gələ bilər. Həmin ölkələr Azərbaycandan məhsul alarkən onun fitosanitar, baytar və digər standartların tələb edirlər. Biz də həmin ölkələrdən məhsul alarkən onun fitosanitar, baytar və digər standartlarını tələb etməliyik. Çünki ölkənin karantin vəziyyətini qorumalıyıq”.
İqlim dəyişiklikləri və onların canlı aləmə təsirlərinə toxunan Nicat Nəsirli bildirib ki, bu amillər dünya birliyini getdikcə daha çox narahat etməkdədir:
“Qış fəsli olmasına baxmayaraq, Azərbaycanda mövsüm qış kimi keçmir. Dünyada qlobal iqlim dəyişmələri gedir bu da heç şübhəsiz bütün canlıların izonomiyasında bir stress faktoru yaradır. Bu zaman heyvan və insan orqanizmi virus mənşəli xəstəliklərə qarşı dözümsüz olur. Virus mənşəli xəstəliklər yalnız hava yolu ilə deyil, eyni zamanda təmasla da yayılır. Bu mənada əhalini son dərəcə diqqətli olmağa çağırırıq. İnsanların xüsusən gigiyenik tədbirlərdən tutmuş, mənşəyi məlum olmayan dəniz və qırmızı ət məhsulların satışına, o cümlədən yol kənarlarında heç bir standarta cavab verməyən iaşə obyektlərində satılan yeməklərə qarşı ciddi tələbləri olmalıdır”.
“Qidaya gözübağlı yanaşmayın!”
Analitik hesab edir ki, virus ixtisaslaşmamış qəssablar tərəfindən qanunsuz ət kəsimi yerlərində də daha sürətlə yayılır:
“Bu elə xəstəlikdir ki, tək dondurulmuş yox, gözümüzün önündə kəsilən ətdən də keçə bilər. Məlumdur ki, yerli əhali təzə bişmiş çörəyə, təzə kəsilmiş heyvan ətinə daha çox meyillidir. Bütün küçənin kənarlarında, binaların arasında kəsim sexləri var. Maraqlıdır, kəsilən həmin heyvanların hamısı baytar nəzarətindən keçibmi, sertifikatı, gigiyenik təminatı varmı? O heyvan axırıncı dəfə nə vaxt vaksinasiya olunub? Amma həmin heyvanları rayonlardan maşınlarda daşıyıb küçə aralarında kəsib insanlara satırlar. Qaydaya görə, vaksinasiya olunmuş heyvanın əti 90 gün ərzində yeyilə bilməz. Biz haradan bilə bilərik ki, ətini aldığımız heyvan 1 həftə əvvəl vaksinasiya olmayıb? Bunun qeydiyyatını aparmaq lazımdır. Vaksinasiya olunmuş heyvanın əti insan orqanizmində çox ağır fəsadlar yaradır. Elə vaksinlər var ki, kontakt təsirlidir heyvanın bədənində iki həftə dövr edir, xəstəliklərə qarşı müqavimət yaradır və virusu neytrallaşdırır.
Azərbaycanda heyvanların identifikasiya sistemi yoxdur. Tutaq ki, A nömrəli heyvan Beyləqan rayonunda nə vaxt vaksinasiya olunub? Biz həmin heyvanın hərəkətini harada görürük? Heyvan sahibi satır alverçiyə, o da gətirib başqa rayonda kəsib satır. AQTA bəyanat verib ki, ölkədə identifikasiya sistemi qurulacaq. Amma fakt odur ki, bu sistem yoxdur. Ona görə də əhaliyə müraciət edək ki, qidaya gözübağlı yanaşmasınlar. Maarifçilik səviyyəsi olmalıdır, yediyimiz hər tikənin bir mühakiməsini aparmalıyıq”.
Nicat Nəsirli Azərbaycanda qida ilə davranış mədəniyyəti çox aşağı səviyyədə olduğunu da deyib:
“Məşhur marketlər şəbəkəsində açıq vəziyyətdə çörəklərin satılmasına şahid oluruq. Artıq dünyada açıq satılan qidalar dövrü başa çatıb. Tutaq ki, virus daşıyıcısı bir insan gəlib çörəyi əli ilə götürüb ora-bura çevirir, almır, yenidən vitrinə qoyur. Başqa bir insan gəlib onun etdiyin təkrarlayır. Biz bilmirik insanlar hansı xəstəliyin daşıyıcısıdır. Burada sahibkarın da, satış mərkəzlərinin də məsuliyyəti var. AQTA bu sahədə aktiv maarifçilik işləri aparır, amma bu sahədə ciddi boşluqlar var. Yaxud da istehlak bazarına nəzarət təmin olunubmu? Qida o qədər geniş anlayışdır ki, burada sual yaradan faktorlar çoxdur. Amma bütün dünyada bunun mexanizmi odur ki, hər bir insan məsuliyyət hissini artırmalıdır. Qidaların istehlak tarixinə baxmaqdan tutmuş, mənşəyinə qədər hər şeyə diqqət yetirmək lazımdır. Bütün dünya qida sənayesi bir məqsəd qoyub qarşısına ki, məsulun maya dəyərini aşağı salmaq lazımdır ki, bazarda mövqeyi əldə olsun. Burada da qatqısız konsentrat əlavə etmək mümkün deyil. Bir də görürsən ki, qida istehsal edirlər 3-4 ay xarab olmur. Bu, inandırıcı deyil. Ona görə də əhalini həssaslığa dəvət edirik.
Xaricdən gələn ət məhsulları ilə ölkəmizə gələn təhlükələrdən qorunmalıyıq. Nəzərə almaq lazımdır ki, ölkənin öz naxır sürüsü var. Təxminən 30 milyon baş quş, 8 milyon baş qoyun-keçi və 3 milyona başa yaxın da iribuynuzlu heyvanlar var. Bunlar da canlıdır, açıq sahələrdə otlayırlar. Hələ məsələnin bu tərəfi də var ki, örüş-otlaq sahələrinin özü bir problemdir. Çünki enterotoksinya mənşəli xəstəliklər var ki, təbiətdən insana, insandan da heyvana keçir. Hazırda çöl quşlarının miqrasiya dövrüdür. Tutaq ki, göydə uçan bir quş hər hansı bir xəstəliyin daşıyıcısıdır. O yerə düşür və çöl yırtıcıları onu parçalayıb yeyir. Bu zaman həmin quşun virusu otlaq sahələrinə yayılır. Ev heyvanları da həmin sahələrdə otlayan zaman həmin virus onların orqanizminə daxil olur. Nəticədə enterotoksinya mənşəli xəstəliklər yayılır. Bu da o deməkdir ki, həyətimizdə saxladığımız heyvan virus daşıyıcısına çevrilib. Bu virus heyvanla təmasda olan, ona qulluq edən insana da keçir. Bu mənada insanlarda maarifçilik səviyyəsi yüksək olmalıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycan ətə olan daxili tələbatını yerli istehsal hesabına hələ təmin edə bilməyib:
“Dünyanın çox ölkələri var ki, qırmızı ətlə təminatı həyata keçirə bilmir. Bu, o qədər də asan məsələ deyil. Ümumiyyətlə, ət almayan ölkə yoxdur. Çünki tələbat yüksək həddədir, getdikcə torpaq və iqlim şəraitinin pozulması, resursların məhdudlaşmağı heyvandarlıqda 100 faiz həddə çatmağa imkan vermir”.
Yeganə Oqtayqızı
Cebhe.info