10 hektar torpağı olan da fermer sayılır, 10 sot torpağı olan da: Vergi güzəşti nəyi dəyişəcək?

24-04-2020, 00:00           
10 hektar torpağı olan da fermer sayılır,
Fermerlərin sosial sığorta yükü azaldıla bilər. Bununla bağlı “Sosial Sığorta haqqında” Qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Qeyd edək ki, mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Yəni, minimum aylıq əməkhaqqı məbləğinin 250 manatadək artırıldığı nəzərə alınarsa, mövcud qanunvericiliyə görə, 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Qanunvericiliyə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının belə hesablanması nəzərdə tutulur: - 5 hektaradək olduqda - 2 faiz miqdarında; - 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında; - 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Təklif qəbul olunarsa, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, ailə üzvləri isə cəmi 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Bu güzəstlər kənd təsərüfatinin inkişafında nə dərəcə rol oynayacaq?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edənlər arasında sosial sığorta haqqını ödəyən az sayda əhali var:
“Belə bir statistik rəqəm var ki, hazırda 1,7 milyon kənd təsərrüfatı təyinatlı torpaq istifadəçisi var. Belə bir qərar verilərsə, bəlkə də bu, heç 100 min nəfərə aid olmayacaq. 1,7 milyon əhalinin arasında elə adamlar var ki, onların 15 akr (sot) pay torpağı var. Yəni, belə bir güzət tətbiq edilərsə, bu müəyyən bir qismin yükünü azaldacaq, amma demək olmaz ki, kənd təsərrüfatınin inkişafı üçün ciddi təsirə malik olacaq”.

İqtisadçı deyir ki, əgər vaxtında torpaqların təmərküzləşdirilməsi baş versəydi, belə bir güzəştin kənd təsərrüfatının inkişafında ciddi rolu ola bilərdi:

“Amma 10 hektar torpağı olana da, 10 akr torpağı olana da fermer adının verildiyi indiki şəraitdə bu təklifin ciddi əhəmiyyəti olmayacaq”.

Xatirə Nəsirova
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.