Çətin şəraitdə yaşayan şəhid ailələri və qazilərimizin mənzil məsələsi...

26-11-2020, 10:40           
Çətin şəraitdə yaşayan şəhid ailələri və qazilərimizin mənzil məsələsi...
Müharibənin hərbi fazası başa çatıb. İndi dövlət və cəmiyyət olaraq qarşımızda duran əsas məsələlərdən biri də vətən üçün canından, sağlamlığından keçən insanların özlərinin və ailələrinin yaşam şəraitinin, sosial təminatının yaxşılaşdırılmasıdır. İstər Bakı və Bakıətrafı kəndlərdən, istərsə də Azərbaycanın müxtəlif bölgələrindən olan bir çox şəhid və qazilərimizin, döyüşçülərin həyatı ilə tanış olarkən, onların necə çətin şərtlər altında böyüdüyünün şahidi oluruq.

Şəhid ailələrinin evləri, uçuq-sökük daxmaları da bir-birinə bənzəyir, zəhmətlə, alın təri ilə, əlinin qabarı ilə övlad böyüdən valideynləri də. Ötən gün ürəyindən qəlpə yarası alan bir qazimizin vaqon evdə yaşadığı ilə bağlı görüntülər sosial şəbəkədə insanlar tərəfindən ürək ağrısı ilə qarşılandı. Bundan başqa, kirayədə yaşayan şəhid ailələri və qazilərimiz var ki, onların ailələri də aylıq gəlirlərindən məhrum olublar. Bu vəziyyət bir daha onların sosial müdafiəsi üçün təcili tədbirlərin görülməsini zəruri edir. Şəhid ailələrinin və qazilərin siyahıya alınması, onların mənzil şəraiti və maddi durumuna uyğun olaraq dövlət yardımı, evlə təmin olunması necə və nə zaman həyata keçiriləcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, həm dövlət, həm cəmiyyət olaraq bu problemin həllini sürətlə həyata keçirməliyik: “Bu çox mühüm bir problemdir. Çünki həm dövlət, həm də cəmiyyət olaraq onlar qarşısında borcluyuq və heç vaxt bu borcdan çıxa bilmərik. Ancaq ən azından görə biləcəyimiz minimum işlərdən biri onların mənzil təminatının yaxşılaşdırılması ola bilər. Şəhid ailələri ilə bağlı dövlətin proqramı var və gecikmələrlə olsa da yerinə yetirilir. Ancaq hesab edirəm ki, bu işlər bir qədər də sürətlənəcək. Çünki işğaldan azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlarımız, məcburi köçkünlər var ki, onlar dövlətin tikdiyi evlərdə yaşayırlar və mülkiyyət hüququ da dövlətə məxsusdur. Bakı və Bakıətrafı qəsəbələrdə xeyli belə mənzillər var. Bu vətəndaşlar mülkiyyətçi deyillər, mülkiyyətçi dövlətdir. Onlar dövlətin həyata keçirəcəyi növbəti proqram əsasında öz dədə-baba yurdlarına qayıtdıqdan sonra boşalmış mənzillərin yalnız şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına verilməsi ilə bağlı parlament tərəfindən qanunvericilik şəklində və ya Nazirlər Kabinetini qərarı, yaxud Prezident sərəncamı ilə təsdiq oluna bilər. Bu da şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının mənzillə təminatını sürətləndirə bilər. Bu onlar üçün görə biləcəyimiz minimum işlərdən biridir. Bu kateqoriyaya daxil olan şəxslərin sosial təminatının gücləndirilməsi ilə bağlı da Nazirlər Kabinetinin qərarı olmalıdır, hökumət bununla bağlı ciddi düşünməli və qalıcı yardımlar edilməlidir. Aylıq müavinətlərin ödənilməsi ilə bağlı da qərarın olmasına ehtiyac var”.

Natiq Cəfərli: “Məcburi köçkünlər dədə-baba yurdlarına qayıtdıqdan sonra dövlətin verdiyi boşalmış mənzillərin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına verilməsi ilə bağlı qərar ola bilər”

N.Cəfərlinin sözlərinə görə, bu məsələdə ictimaiyyət də fəal ola bilər: “44 günlük müharibə zamanı da gördük ki, insanlar öz gücləri, cəmiyyətin iştirakçılığı ilə şəhid və qazi ailələrinə, ordumuza yardımlar etdilər, ehtiyac duyulan istiqamətlərdə dəstək oldular. Şəhid ailələri və qazilərimizin mənzil təminatı ilə bağlı da ictimai dəstək mühüm rol oynaya bilər, şəffaf şəkildə fəaliyyət göstərən bir ictimai fondun yaradılması da prosesi sürətləndirə bilər. Sonrakı müddətdə məcburi köçkünlər öz yurdlarına qayıtdıqca problem həllini tapacaq. Bu mənzillərin sayı elə də az deyil".

İqtisadçı ekspert vurğuladı ki, ehtiyacı olan, mənzil şəraiti, maddi durumu çətin olan şəhid ailələri və qazilərimizin siyahıya alınması istiqamətində dövlət qurumlarından ibarət bir komissiyanın təşkilinə ehtiyac var: “Nazirlər Kabinetinin nəzdində belə bir komissiyanın yaradılmasına, bütün nazirliklərin, dövlət idarələrinin orada nümayəndəliyinin olmasına, onların koordinasiyalı şəkildə bu işləri görməsinə ehtiyac var. Hansı insanlara həmən yardım göstərmək mümkündürsə, onlara ilkin mərhələdə yardım edilməlidir. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin özünün mənzil fondu da var və ilkin mərhələdə həmin mənzil fondundan da istifadə etmək olar. İşlərin sürətli görülməsi üçün Nazirlər Kabineti yanında bütün dövlət qurumlarının təmsil olunduğu və bu işləri sürətlə görə biləcək bir komissiyanın yaradılmasında yarar var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, növbəti ilin büdcəsində əsas strateji istiqamətlərdən biri şəhid ailələri və qazilərimizin mənzil və sosial təminatı ilə bağlı olacaq: “Biz əvvəlcə 2021-ci ilin dövlət büdcəsinə baxmalıyıq. Bir neçə strateji məqamlar var ki, növbəti ilin büdcəsində onları mütləq nəzərə almalıyıq. Onların birincisi şəhid ailələri ilə əlaqədardır. Evləri, yaşam şəraiti olmayan, övladları bizə əmanət qalan şəhid ailələri var ki, onlar mütləq mənzillə təmin olunmalıdır, lazımi sosial proqramlarla əhatə olunmalıdır. İkincisi isə qazilərimizlə bağlı bu iş aparılmalıdır, çünki onlar Vətən uğrunda savaşıb, yaralanıb gəliblər. Bizə belə müraciətlər də daxil olub ki, iş yerlərindən də onları kənarlaşdırmaq istəyirlər. Evləri yoxdur, kirayədə qalırlar, vəziyyətləri ağırdır. Onlar barədə , konkret hər biri barədə ayrıca qərarlar qəbul edilməlidir”.

Vahid Əhmədov: “Şəhid ailələri və qazilərimizlə bağlı məsələ 2021-ci ilin büdcəsində bizim əsas strategiyamız olmalıdır”

V.Əhmədovun sözlərinə görə, bu işlə ayrıca komissiya məşğul olmalıdır: “Dövlət büdcəsindən biz vəsait ayırmalıyıq, o insanların şəraiti yaxşılaşdırılmalıdır. 2021-ci ildə bu bizim əsas strategiyamız olmalıdır. Dövlət başçısı da bildirib ki, həmin sahəyə diqqət yetiriləcək. Büdcə layihəsi hələ ki Milli Məclisə daxil olmayıb, biz müzakirə üçün həmin layihəni gözləyirik ki, qeyd etdiyim məsələlər də orada öz əksini tapsın. Çünki bu məsələ ilə bağlı bizə də müraciətlər çoxdur. Elə dünən iki nəfər qazimiz müraciət etmişdi ki, onların iş yerləri olub, daha sonra gedib vətən üçün vuruşublar, qayıdıblar, indi isə həmin müəssisənin vəsaiti yoxdur, özəl şirkətlərdir, pandemiya ilə əlaqədar imkanları yoxdur. Ancaq bu insanların problemlərinin pandemiyaya aiddiyyəti olmamalıdır. Onlar heç nədən əziyyət çəkməməlidirlər. 200 illik tariximizdə Azərbaycan ilk dəfə olaraq Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarını qaytardı. Təbii ki, şəhid ailələri və qazilərimiz də daim diqqət mərkəzində olmalıdırlar və olacaqlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.