Ərzaq qiymətləri niyə bahalaşır? - ŞƏRH
6-10-2021, 07:39

COVİD-19 pandemiyasının qlobal ticarət zəncirini iflic vəziyyətə salması ölkələrdə inflyasiyanın artmasına gətirib çıxarıb. Mərkəzi Bankların böhrandan çıxmaqla bağlı yumuşaq monetar siyasəti də bu yöndə dəstəkləyici mesaj kimi dəyərələndirilə bilər.
"Margin.az" xəbər verir ki, baş verən proseslər pandemiyanın ilk günündən ərzaq qiymətlərinin kəskin bahalaşmasına səbəb olur. Ərzaq qiymətlərinin bahalaşması ilə bağlı əsas istiqamətləri iqtisadçı Xalid Kərimli "Margin.az" saytına müsahibəsində açıqlayıb. O bildirib ki, yükdaşımalar bu yöndə əsas təsiredici amildir.
"Dəniz üzərindən yüklərin daşınmasının dəyərinin artması və pandemiyanın təsirləri Azərbaycana idxal olunan malların ayrı-ayrı kateqoriyalarının qiymətinə təsir edib".
Ekspert açıqlamasında bildirib ki, dünya ərzaq bazarında ciddi sürətdə artım davam edir.
"Son 1 ildə dünya ərzaq qiymət indeksi 32.4% bahalaşıb. Son ayda dənli bitkilərdə isə artım 8.8% təşkil edib. Bunun səbəbləri müxtəlifdir və ümumi mənada əsas səbəbkar ölkələrin sərt qapanmaya getməsidir.Pandemiyanın təsirlərini 2 istiqamətdə qruplaşdıra bilərik. Birinci istiqamətdə ərzaq məhsullarının 80% qlobal miqyasda konteynerlər və gəmi daşınması vasitəsəli həyata keçirilir. Daşınma qiymətləri də öz növbəsində 6-7 dəfə bahalaşıb. Əvvəllər 3-4 minə olan daşınmalar hal-hazırda 14-15 min ABŞ dollarına daşınır. Azərbaycana Çinnən gələn konteynerlərin qiymətlərində də 4-5 dəfə bahalaşma müşahidə olunur. Daşınma xərcləri kəskin artıb. İkinci məqam isə anbar qalıqlarının planlaşdırılmasında olan problemlərdi. Sahibkarlar xərclərini aşağı salması üçün əvvəlki dəyər zəncirini saxlamırlar. Beləliklə, ərzaq sektorunda da, qeyri-ərzaq sektorunda da bahalaşma müşahidə olunur",- deyə ekspert bildirib
İqtisadçı bahalaşmanı həmçinin yumuşaq pul siyasəti vasitəsilə sürətli iqtisadi bərpanı təmin etməklə də əlaqələndirir.
"Bahalaşmanın nə vaxt bitəcəyi hələ də qeyri-müəyyənliyini qoruyur. Çünki bu pandemiyanın göstərdiyi nəticələrdir və Mərkəzi Bankların pandemiyanın nəticələrinə uyğun olan tədbirlər planını axtarmaq lazımdır. Bütün dünyada qlobal miqyasda Mərkəzi Bankların hamısı ucuz pul siyasəti həyata keçirdirlər ki, bu da birmənalı olaraq ölkələrin pulunu dəyərdən salır".