Gəl, ay müştəri: 4 manata 4 pomidor! - Xalq endirim gözləyir, qurumlar isə...

6-10-2021, 16:40           
Gəl, ay müştəri: 4 manata 4 pomidor! - Xalq endirim gözləyir, qurumlar isə...
"Hesab edirəm ki, bahalaşma kənd təsərrüfatında və aqrar sektorda xidmətlərin əlçatanlığının kifayət qədər olmaması, məmur sahibkarlığı və inhisarçılıqdan qaynaqlanır"

"Qiymətlərin optimal olması üçün inhisarçılıq ləğv edilməlidir”


Azərbaycanda pomidorun qiyməti kəskin bahalaşıb. Mövcud durum vətəndaşların haqlı narazılıqlarına səbəb olub. Aidiyyəti qurumlar isə bu artımın tələb və təkliflə əlaqəli olduğunu bildirirlər.
Məsələ ilə bağlı “Şərq” qəzetinin redaktoru Ayyət Əhməd Feysbuk hesabında status yazıb. Paylaşımı təqdim edirik:

“Dörd ədəd pomidora 3.90 AZN ödədim. Adamın yeməyi gəlmir, bəlkə, suvenir kimi saxladım. Kənd təsərrüfatı naziri İnam Kərimovun hollandiyalı mütəxəssisinin uğurlu layihəsinin nəticəsidir. Əsas odur inkişaf var. Bu tərəqqi xalqın leyhinədir, əleyhinədir heç kimin vecinə deyil. Nəzərə alın ki, hələ oktyabr ayıdır....”.

Sözügedən statusa verilən reaksiyalar da olduqca maraqlıdır:

Afət Yaqubova: “Pomidorun kilosunu martda sevinə-sevinə 30 qəpiyə alanda bu günləri də düşünəcəkdiniz. İlin əvvəlindəki zərərdən sonra pomidor şitilxanalarının çoxu dağıdılıb”.

Bəkir Osmanlı: “İnam Kərimovun nə dəxli? Bizim işimiz yetişməyinə dəstək verməkdi, bazar qiymətini biz təyin etmirik. Belə maraqlıdısa, maya dəyəri 30 qəpik edir. Market kəndçidən 50-60 qəpiyə alıb 3 manata satırsa, Kənd Təsərüfatı Nazirliyinin nə günahı var?”.

Turab Rzayev: “İlin əvvəlində və ortasında pomidor niyə şitilxanada yetişir ki? Sezonda da parnikdən yeyək?”

Amalya Qasimova: “Məncə, pomidoru alma ilə "calaq" ediblər. Daş kimidir”.

İlahə İbrahimova: “Biri 1 manatdan 10 qəpik ucuz düşür, sevinmək lazımdır”.

Məxmər Abdulla: “Mən də 4 balaca pomidor seçdim, 1.90 manat tutdu. Hələ o birinin kilosu 5 manat idi, mən 3.50 manatlıqdan aldım. Satıcıya dedim ki, 5 manatın üstünə 3 manat da qoysam, “Bravo” marketdən endirimli qiymətlə 1 kilo ət alaram”.


Məsələni “Sherg.az”a dəyərləndirən iqtisadçı-alim Nazim Bəydəmirli hesab edir ki, istənilən halda hər bir vətəndaş qiymətlərin baha olmasında şikayət edəcək. Çünki təbii olaraq insanlar daha az pul xərcləməyi düşünürlər:

“Əlbəttə, Azərbaycan yetişdirilə biləcək məhsulların daha ucuz olmasına şərait yaratmalıdır. Vətəndaşlar bəzi məhsulların hələ mövsüm zamanı baha olmasından şikayətlənirdilər və kifayət qədər haqlıdırlar. Hələ qış ayları deyil ki, bu tipli məhsullarda ciddi bahalaşma olsun. Payız ayı yeni gəlib, hətta təsərrüfatda çalışan insanların torpaqlarında təbii şəraitlərdə yetişdirilən pomidorlar belə mövcuddur. Lakin ölkəmizdə yalnız pomidor deyil, digər tərəvəz məhsulları parnik şəraitində yetişdirilir və bunun üçün də xərclər artır. Eyni zamanda kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrə ixrac edirlər. Bu zaman daxildə qiymət bahalaşır. Başqa ölkə vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alsaq, sahibkarların həmin ölkəyə məhsul ixrac etməsi normal qarşılanmalıdır. Lakin “Türkiyə və İranla müqayisə etdikdə bizdə qiymətlər nə üçün belə bahadır?” sualına cavab tapmaq lazımdır. Hesab edirəm ki, bahalaşma kənd təsərrüfatında və aqrar sektorda xidmətlərin əlçatanlığının kifayət qədər olmaması, məmur sahibkarlığı və inhisarçılıqdan qaynaqlanır. Qiymətlərin optimal olması üçün inhisarçılıq ləğv edilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.