Lerik Xəstəxanasının bank hesablarına HƏBS qoyulub - Həkimlər 3 aydır maaş almır

6-10-2021, 19:24           
Lerik Xəstəxanasının bank hesablarına HƏBS qoyulub -
Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb personalı 3 aydır ki, əməkhaqqı almır. Bu barədə Modern.az-a xəstəxanada çalışan tibb işçiləri məlumat verib. Xəstəxananın baş həkimi gecikmənin ondan asılı olmayan səbəblərdən qaynaqlandığını, tibb müəssisəsinin bank hesablarına həbs qoyulduğunu bildirib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq, fakt təsdiq olunub.

Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinə avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənişində gecikmənin olmasına səbəb Lerik rayon İcra və probasiya şöbəsi tərəfindən sözügedən xəstəxananın bank hesabına sərəncam qoyulmasıdır:

“Problemin aradan qaldırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Lerik rayon Məhkəməsinin qərardadından Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət olunub. Nəticə olaraq 30 sentyabr 2021-ci ildə Agentliyin şikayəti təmin olunub və Lerik Rayon Xəstəxanasının bank hesabına tətbiq edilən sərəncamın ləğv edilməsi üçün əsas yaranıb”.

Agentlikdən verilən məlumatda yaxın günlərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənilməsinin təmin ediləcəyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru