Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" - Deputatdan SƏRT REAKSİYA

12-10-2021, 18:26           
Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" -
Ölkəmizdə son günlər ərzaq qiymətində süni artım müşahidə olunur. Loru dildə desək, marketlərdə qiymətlər "od tutub yanır". Bunun səbəbi isə hələ də məlum deyil. Əvvəl yanacağın bahalaşması bəhanə edilirdisə də, artıq bu artımı gözləmədən belə, qiymətləri "kəllə-çarxa" çıxarırlar. Məsələn, istifadə etdiyimiz günəbaxan yağı 4.45 AZN-dən 9.95 AZN-ə, toyuq filesi 5.50 AZN-dən 8.50, hətta 10 AZN-ə yüksəlib. Ölkəmizdə hər kəs "yağla bal içində" yaşamır. Niyə bu çətin dönəmdə qiymətlər durmadan artır?

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Vahid Əhmədov münasibət bildirib.

O bu məsələni müzakirə obyektinə çevirməklə qiymətlərin aşağı salınmasını təklif edib:

"Qiymət artımı ümümiyyətlə çox ciddi bir problemə çevrilib. Əvvəl yalnız yanacağın qiyməti artanda və bayram öncəsi qiymətlər artırdı. Bu gün isə axşam bir qiymətə aldığın məhsulu səhər xeyli baha qiymətə görürsən.

Bəli, qiymət artımı çox şiddətlə gedir, səbəbi isə bilinmir. Amma bununla bağlı qanun qəbul edilməlidir.

Nəzər yetirsək, bazarda ciddi qıtlıq yoxdur, hər şey var, amma qiymətlər yüksəkdir. Ölkəmizə kifayət qədər məhsul idxal olunur, bazarda lazımı hər şey yetərincədir. Mal qıtlığı yoxdur ki, qiymətlər yüksək olsun.

Bazara özüm getdiyim üçün oradakı qiymətlərdən xəbərim var. İnflyasiyanın 4-5 faiz olduğunu deyirlər. Bu, statistikanın verdiyi məlumatdır, amma real vəziyyətdə qiymət artımı böyükdür.

Doğrudan da, bu böyük problem müzakirə olunmalıdır. Məsələni müzakirə obyektinə çevirməliyik ki, müəyyən qərarlar qəbul edilsin. Düşünürəm ki, bazarda bu mexanizmin müəyyən qədər tənzimlənməsi üçün rəqabət məcəlləsi qəbul edilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.