Qaz bahalaşır. Qiymət artımından kim qazanır?
13-10-2021, 00:12

Azvision.az -ın Milli Strateji Tədqiqatlar institutu Xarici Siyasət mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri doktoru İvan Us ilə müsahibəsi. - Sentyabrın əvvəlindən Avropada qaz təxminən 70% bahalaşıb. Bu il enerji daşıyıcılarının qiyməti 250% yüksəlib. Müşahidə olunan dinamika hansı amillərlə bağlıdır?
- Avropada qazın qiymətinin əvvəllər görünməmiş səviyyədə artması, ABŞ-da min kub metr qazın qiymətinin 2 min dollara qədər yüksəlməsi bir neçə amillə bağlıdır. Onlardan ən əsası bir qədər unudulmuş “italyan tətili” terminini yada salmaq istəyən Rusiya Federasiyasının apardığı siyasətdir. Həmin siyasət ondan ibarətdir ki, Rusiya imzaladığı müqavilələrə tam əməl edib və əvvəllər olduğu kimi, razılaşdırılmış həcmdən artıq qaz satmayıb. Elə bununla da Avropanı faktiki olaraq şantaj edib. Şantajın mahiyyəti çox sadədir: biz müqavilələrdə göstərilən həcmlərdən artıq qaz tadərük edirik, sizsə “Şimal axını-2” qaz xətti ilə bağlı anti-inhisar qanununuzu tətbiq etmir, “Qazproma” onini 50%-dən artığından istifadə etməyə (mahiyyətcə bütün 100 faiz) imkan verirsiniz. Yəni güzəşt güzəştə bağlıdır.
İkinci faktor Aİ ölkələrinin özündə möhtəkirlərin qiymətli kağızlarla oynamasıdır. Onlar Rusiya Federasiyasının gələcəkdə müqavilələrdə nəzərdə tutulmuş həcmlərdən artıq qaz verməyəcəyi riskindən qaynaqlanan panikadan istifadə edərək, qaz qiymətlərini qaldırmağa başladılar.
Avropada qaz qiymətlərinin yüksəlməsini məhz bu iki amil şərtləndirdi. Ancaq nisbətən daha az əhəmiyyət kəsb edən daha bir faktoru da qeyd etmək olar. Bu, “Qazprom” ilə Avropanın ayrı-ayrı ölkələrinin qaz tədarüküylə bağlı daha uzun marşrutlardan istifadə etməklə bağlı razılaşmasıdır. Qazın bahalaşmasında bu amilin də rolu var.
Lakin bu il oktyabrın əvvəlində baş verən hadisələr göstərdi ki, şantajla çox yol getmək olmaz. Çünki bu, “Qazprom”un gəlirlərinin azalmasıyla yanaşı, Avropanın qaz bazarında rəqabətin əmələ gəlməsinə də stimul verdi. Yüksək qaz qiymətləri ilk növbədə ABŞ-da metan qazı istehsalçılarına öz fəaliyyətlərini genişləndirmək üçün mühüm stimul verir. Bundan başqa, etibarlı tərəfdaş olan “Qazprom”un imicinə də zərbə vurdu. Bu isə avropalı qaz treyderlərini ABŞ-ın qaz şirkətləri ilə sıx əməkdaşlığa sövq edə bilər. Onlar üçün qaz siyasət yox, iqtisadiyyatdır.
- Pandemiya sürətli eneji keçidinin – mədən enerjisinin bərpa olunan enerji mənbələri (BOEM) ilə əvəzlənməsi zərurəti ilə bağlı mübahisələri kəskinləşdirdi. 2020-ci ildə neftə və qaza tələbatın azalması isə karbohidrogen erasının bitməsiylə bağlı çoxlu proqnozlar doğurdu. Onlardan bir neçəsində, misal üçün, Fransanın TOTAL şirkətinin proqnozunda deyilir ki, neftə tələbat cari onilliyin sonunda azalmağa başlayacaq, BP (British Petrolium) isə bunun yalnız 2040-cı ildən sonra baş verəcəyini gözləyir. Neft və qaz epoxası bitdikdə dünya BOEM-ə keçməyə hazırdırmı?
- Neft və qaz dövrünün bitməsi haqqında söhbətlər çoxdan gedir. Bu söhbətlərə dünyanın bir çox ölkələrinin bərpa olunan enerji mənbələrinə keçmə strategiyası rəvac verir. Lakin qaza və neftə olan tələbat hələ ki ancaq artır. Tələbatın sabitləşəcəyi isə yaxın 20 ildən tez gözlənilmir. Hərçənd, «European Green Deal» tipli kursların uğurunu gözardı etmək olmaz. Qaz və neft erasının tezliklə başa çatması həmin kursların reallaşmasından asılı olacaq.
- Lakin Avropa “yaşıl enerjiyə” keçid ideyasını sərt şəkildə, tələm-tələsik irəli aparmağa çalışır, sanki ənənəvi enerjini Avropa ölkələrindən qəsdən sıxışdırıb çıxarmaq istəyir. Bu tələskənlik nə üçündür? Axı bu, balansı pozur.
- Avropanın “yaşıl enerjiyə” keçməyə tələsməsi və ekologiyaya diqqətini artırması, bunun özünü dünya media məkanında isveçli Qreta Tunberqin tez-tez peyda olmasıyla göstərməsi təsadüfi deyil. Bir çox analitik mərkəzlərin proqnozlarına görə, 2050-ci ilə doğru Avropa ölkələrinin iqtisadiyyatı digər ölkələrdən geri qalacaq. «PricewaterhouseCoopers» beynəlxalq şirkətlər şəbəkəsinin proqnozuna görə, 2050-ci ilə doğru dünya ölkələrinin ÜDM reytinqində Avropanın alıcılıq qabiliyyətinə görə aparıcı ölkələri olan Almaniya və Böyük Britaniya 9-cu, 10-cu yerdə olacaqlar.
Dünyanın aparıcı iqtisadiyyata malik ölkələri Çin və Hindistan olacaq və onlar Avropadan xeyli irəli keçəcəklər. İndoneziya və Braziliya kimi ölkələr isə 4-cü, 5-ci yerləri tutacaqlar. Dünya iqtisadiyyatlının belə bir ssenari üzrə inkişafı Avropa ölkələrini açıq-aşkar qane etmir. Rəqiblərin inkişafını ləngirmək və status-kvonu mümkün qədər qorumaq üçün Avropa ölkələrinə aksenti iqtisadiyyatdan ekologiyaya doğru dəyişmək lazımdır. Çünki bu dəyişiklik onların özündən çox rəqiblərinə çətinlik yaradacaq. Ona görə də, “iqtisadiyyat yarışında” uduzmamaq üçün özlərinə sərf edən addımlar atırlar.
- Razılaşın ki, BOEM-ə keçid nəhəng investisiyalar tələb edir. Belə bir fikir var ki, bunu ancaq yüksək inkişaf etmiş ölkələr həyata keçirə bilər. 2020-ci ilin iqtisadi böhranından sonra bu vəsait haradan götürüləcək?
- “Yaşıl enerjiyə” keçid, şübhəsiz, çox xərc tələb edir, ancaq koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın çox böyük təsirindən də danışmağına dəyməz. 2021-ci ilin dinamikası göstərir ki, bir çox iqtisadi göstəriçilər böhrandan əvvəlki səviyyəyə qayıdır, bəziləri isə hətta əvvəlkindən daha yaxşıdır. Bəli, səhiyyə sahəsindəki problem həll olunmayıb və perspektiv o qədər də aydın deyil, ancaq dünya ölkələrinin iqtisadiyyatı yeni şəraitə sürətlə uyğunlaşdığından, yaxın zamanda koronavirusa görə müvəqqəti unutmağa məcbur olduğumuz ekoloji məsələlərin gündəmə qayıdacağını güman etməyə əsaslar var.
- “Yaşıl enerji” neft və qaza qalib gələ bilərmi?
- “Yaşıl enerji”nin neft və qaza nə zaman qalib gələcəyini söyləmək çətindir. Yaxın iki onillikdə bu dəqiq baş verməyəcək. Ancaq daha uzaq perspektivdə ola bilər. Fəqət bu yenə də tam qələbə olmayacaq, çünki qaz və neftdən tam imtina mümkün görünmür. Ən azından 21-ci əsrdə.
Cavad Muradov
Nadir Quliyev