Susuz qalan hektarla ƏRAZİ: "Ağdamda artezian motorları satılır" - Məsələnin "həll" yolundan narazı sakinlərdən ŞİKAYƏT / İDDİA

30-10-2021, 07:01           
Susuz qalan hektarla ƏRAZİ:
Ağdam rayonunda artezian motorları satılır, bundan şikayət edənlər isə hədələnir.

Bu barədə Ağdam rayon Alıbəyli kənd sakini Cəfərov Elməddin Yenicag.az-a məlumat verib.

Məlumata görə, rayonda Mexaniki Suvarma İdarəsinin süründürməçiliyi səbəbindən sahələr yanır, kəndli məhsul götürə bilmir.

Elməddin Cəfərov bildirib ki, onların torpaq sahəsini suvarmaq üçün olan artezian bu ilin yay aylarında demək olar ki, işləməyib:

“Artezianımız bu yay demək olar ki, işləməyib. Bu yay üç dəfə yonca biçən adam sevinir. 3 hektar ərazidə taxıl və arpa əkilib, toxumu quş aparır. Çünki bu sahə artezianın qarşısında olsa da suvarmaq üçün su yoxdur. Artezian üçün nə lazımdırsa, özümüz alırıq. Mexaniki Suvarma İdarəsi ancaq motoru təmir edir. Motoru aparmaq və gətirmək üçün kranın pulunu da biz veririk.

İşləməyən arteziana görə 42 hektar sahə susuz qalıb. Bir dəfə motor yandı, 12 gün, daha sonra 11, 19, 7 gün artezian işləmədi. İndi də motoru 8 gündür aparıblar, hələ də gətirib çıxarmayıblar”.

Motorun artıq istismardan çıxdığını deyən Elməddin Cəfərov motorun pulla satıldığını iddia edib:

“Ağdamda hər kəs bilir ki, artezianların motorları satılır. 2017-ci ildə hazırda sözü gedən artezianın motorunu 900 manata almışdıq. Motoru alandan sonra 10 nəfərdən çox adam gedib Ağdam rayon prokurorluğuna şikayət edib, pulumuzu tələb etdik. Sonra Mexaniki Suvarma İdarəsinin müdür müavini gəlib, şikayət edənlərlə bir-bir görüşdü və bizə dedi ki, şikayətinizi geri götürməsəniz artezianın motoru yananda, motoru gəlib aparıb, sonra qaytarmayacaq, təmir etməyəcəklər. Biz də qorxumuzdan şikayətdən vaz keçdik.

İndi motor istədikdə, 1200 manata olduğunu dedilər. Pul verməyəndə də, deyirlər ki, yoxdur, nə vaxt olacaq, onda verəcəyik. Pulu elə adamın əli ilə alırlar ki, sonra sübut edə bilmirsən. Bu yaxın günlərdə Mexaniki Suvarma İdarəsinin müdür müavini gəldi mənimlə görüşdü. Dedi, prezident İlham Əliyevə şikayət yazmısan ki, motoru 1200 manata satırlar. Bu 1200 manatı sübut edə bilməsən, səni məhkəməyə verib, səndən təzminat alacağıq ki, Ağdam Mexaniki Suvarma müdiri Hafiz Əzimzadəyə şər atmısan. Mənə dedilər ki, izahatını geri götür. Mən də dedim ki, məni həbs etsələr də, şikayətimi geri götürməyəcəm.

Hafiz Əzimzadə ilə görüşüb nəsə istəyəndə, müavinlərinə tapşırıq verir ki, məsələni həll edin. Otaqdan çıxandan sonra deyirlər, qiymət bu qədərdir. Heç kimə də sübut etmək olmur. Belə çıxır ki, idarələrə əlimizdə kamera, cibimizdə diktafonla girməliyik”.

Səxavət Məmməd

www.yenicag.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.