Manat ucuzlaşmır, amma “ölür”…- Ekspertlər baş bankirin açıqlamalarını necə dəyərləndirir?

30-10-2021, 07:38           
Manat ucuzlaşmır, amma “ölür”…-
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi onlayn mətbuat konfrasında bildirib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Onun sözlərinə görə, devalvasiya ehtimalı ilə bağlı səslənən iddialar da əsassızdır.

Xatırladaq ki, ölkədə baş verən sürətli bahalaşma və inflyasiya milli valyutanın dəyərdən düşəcəyi barədə gözləntilər yaradıb. Bəzi ekspertlər yaxın perspektivdə manatın dollar qarşısında ucuzlaşacağı barədə proqnoz veriblər. Mərkəzi Bankın sədri isə bəyan edib ki, tədiyyə balansında əhəmiyyətli profisit gözləyirlər: “Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur”.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb. Bu səbəbdən Azərbaycan hökuməti 2022-ci ilin büdcəsində neftin qiymətini 45 ABŞ dollarından hesablamışdı. Son bir ayda birjalarda neftin qiyməti 80 dolları ötüb. Hökumət müsbət tendensiyanı nəzərə alaraq ilkin büdcə layihəsinə dəyişiklik edərək neftin bir barelini 50 ABŞ dollarından hesablamağı qərara alıb.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbaycanda manatın dəyərsizləşməsi özünü manatın alıcılıq qabiliyyətinin düşməsində göstərir və bu, azı devalvasiya qədər təhlükəli prosesdir. Baş bankir isə vurğulayıb ki, hazırda Azərbaycanda hökumətin və Mərkəzi Bankın əsas vəzifəsi pandemiyadan zərər çəkmiş iqtisadiyyatın bərpası istiqamətindədir. Onun sözlərinə görə, gələn il inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Mətbuat konfransında E. Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin yüksəldilməsi haqqında qərar qəbul etdiyini də açıqlayıb. Uçot dərəcəsi 6,5 faizdən 7 faizə yüksəldilib. Faiz dəhlizinin aşağı həddi 6 saxlanılıb, yuxarı həddi isə 7 faizdən 8 faizə qaldırılıb. Xatırladaq ki, Mərkəzi Bank sonuncu dəfə uçot dərəcəsinə ötən ay baxmışdı.

E. Rüstəmov rəqəmsal manat məsələsini yenidən gündəmə gətirib. Onun sözlərinə görə, Mərkəzi Bank xeyli müddətdir ki, perspektivli sahə olduğunu bilərək rəqəmsal valyutanın yaradılması üzərində işləyir. O, bununla bağlı konkret layihənin də mövcud olduğu bildirlib.

Mərkəzi Bank sədrinin açıqlamalarını “Pressklub.az”a şərh edən ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib ki, manatın uzunmüddətli sabit, əslində “ölü” kursu iqtisadiyyata ciddi problemlər yardır. Onun fikrincə, bu amil yerli istehsalı və qeyri-neft ixracat potensialını zəiflədir, idxalı stimullaşdırır. “Sahibkarlar və banklar çox ağır durumdadır, faiz dərəcələri aşağı düşsə də, izafi kredit resurslarını yerləşdirə bilmirlər“, – deyə iqtisadçı əlavə edib.

Q.İbadoğlunun sözlərinə görə, E. Rüstəmovun açıqlamasında həqiqət budur ki, bu il ölkəyə əvvəlkindən daha çox valyuta gəlib, tədiyyə balansında müsbət saldo yaranıb, bütün bunlar isə hökümətin fəaliyyəti ilə əlaqəli deyil, neftin bahalaşması ilə bağlıdır:

“Belə olan halda, manat nəinki ucuzlaşmalı, hətta bahalaşmalıdır. Odur ki, iqtisadi durum devalvasiya zərurəti yaratmasa da, milli valyutanın üzən məzənnə əsasında, sərbəst və bazar qüvvələrinin iştirakı ilə tənzimlənməsini tələb edir. İndi bunun üçün yaxşı fürsət yaranıb, amma Mərkəzi Bank yenə də inzibati metodlardan faydalanmaqdadır”.

Elman Rüstəmovun rəqəmsal valyutanın yaradılması ilə bağlı fikirlərini şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, bu, cəmiyyətin rəqəmsal transformasiyası, rəqəmsal bankçılığın inkişafı, maliyyə-bank sektorunda mühafizəkarlığıln aradan qaldırılması və daha çevik və effektiv maliyyə-bank siyasətinin qurulması baxımından müsbət addımdır:

“Dünyada bu sektorda baş verənlərdən kənarda qalmaq doğru olmazdı. Eyni zamanda, Mərkəzi Bankın yadına salmaq istərdim ki, 8 ildir “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini müzakirəyə çıxara bilməyib. Bu isə mövcud maliyyə-bank sektorunda rəqabətli mühitin inkişafının qarşısını alır, inhisarçılığıa şərait yaradır, rəqəmsal bankçılığın inkişafına mane olur”.

O. Gündüz hesab edir ki, bank sektorunda onlayn dələduzluğun qarşısının alınması istiqamətində maliyyə-bank sektorunun apardığı işləri də heç bir halda yetərli hesab etmək olmaz:

“Banklar kart məlumatlarının oğurluğu, kart dələduzluğu ilə bağlı bütün məsuliyyəti rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşın üzərinə atmalı deyillər”.

O. Gündüz xatırladır ki, ötən il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da başa çatıb:

“Amma bu Proqram çərçivəsində hazırlanması nəzərdə tutulan həmin qanun layihəsi yenə də ortaya çıxarılmadı. Düşünürəm ki, rəqəmsal milli valyutaya xüsusi diqqət yetirilməsi nə qədər təqdirəlayiq olsa da, yaxşı olar ki, Mərkəzi Bank yuxarıda qeyd olunan problemlərin həllinə də diqqət yetrisin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.